Get Mystery Box with random crypto!

Rusiya üzrə tanınmış ekspertlərdən olan Angela Stent son yazıs | Şərqə Baxış

Rusiya üzrə tanınmış ekspertlərdən olan Angela Stent son yazısında Ukrayna böhranı ilə bağlı maraqlı fikirlər səsləndirib. Stent iddia edir ki, Rusiya Ukrayna ilə sərhəddə iriqmiqyaslı qoşun toplamaqla psixoloji oyun oynamağa çalışır. Buradakı əsas məqsəd rəqibləri Moskvanın növbəti addımı ilə bağlı qeyri-müəyyənlikdə saxlamaqdır. Yəni, ruslar əsl məqsədlərini maksimum gizlətməyə çalışır. Belə bir qeyri-müəyyənlik, Qərbin vəziyyətlə bağlı hesablamalarda səhv etmək ehtimalını artırır.

Digər bir məsələ apreldəki oxşar gərginliklə bağlıdır. Həmin dövrdə də Moskvanın bənzər şəkildə hərbi yığınaq oyunundan sonra Bayden Putini sammitə dəvət edib, Rusiyanı böyük güc adlandırmışdı. İndiki gərginlikdə də Bayden yenə Putinlə virtual görüş keçirdi, növbəti ildə də liderlərin təkbaşına görüş planlaşdırılır. Beləliklə də, Moskva Ukrayna ilə gərginliyi özünün daha böyük güc olduğunu göstərə biləcəyi yol kimi tapıb və bundan maksimum istifadə etməyə çalışır.

Eləcə də, Stent Avropa nəhəngləri və ABŞ-dakı siyasi vəziyyətə diqqət çəkir. Almaniyada hökumət dəyişikliyi baş verir, Fransa martda keçiriləcək seçkiyə hazırlaşır, Britaniya ilə Avropanın münasibətləri getdikcə mürəkkəbləşir, ABŞ daxilində isə siyasi qütbləşmə kəskinləşir. Putin bu situasiyanı fürsət olaraq görür və Qərbin ortaq məxrəc tapmaqda çətinlik çəkəcəyini düşündüyü üçün təzyiqi xeyli artırır.

Angela Stent Rusiyanın irimiqyaslı müharibəyə başlamasına şübhə ilə yanaşır və Putinin Sovet İttifaqı dövründə olduğu kimi beynəlxaq siyasətdə xüsusi status qazanmağa çalışdığını iddia edir.

Stentin bir çox fikirlərini qəbul etməklə yanaşı, vəziyyətin göstərildiyindən daha gərgin olduğunu düşünürəm. Ukrayna böhranını hər epizodda bir yeni yamaq vurmaqla həll etmək mümkün görünmür. Belə cəhdlər sadəcə qarşıdurmanı bir müddətlik təxirə salır. Bu bataqlıq bir çox aktorları içinə çəkə biləcək müharibə potensialı daşıyır. Xüsusilə, ən böyük risk vəziyyətdəki qeyri-müəyyənliklə bağlıdır. Adətən tarixdəki uzunmüddətli müharibələr tərəflərin biri-birini doğru oxuya bilməməsi və prosesin doğru hesablanmamasından qaynaqlanıb.

Eyni zamanda pandemiyanın iqtisadiyyat və digər sahələrdə yaratdığı mənfi təsirlərin dövlətləri böyük müharibəyə sürükləyə biləcəyi ilə bağlı proqnozlarda da reallıq payı olduğunu düşünürəm.

@serqebaxis