Get Mystery Box with random crypto!

Efiopiya münaqişəsinin miqyası getdikcə genişlənir. Üsyançı Ti | Şərqə Baxış

Efiopiya münaqişəsinin miqyası getdikcə genişlənir. Üsyançı Tiqray qüvvələrinin müqavimətini qıran hökumət güclərinin müxtəlif istiqamətlərdən irəliləməsi üsyançıları dəstəkləyən Vaşinqtonu aktiv diplomatik fəaliyyətə keçirib.

Belə ki, ABŞ prezidentinin Afrika Buynuzu üzrə xüsusi nümayəndəsi Jeffrey Feltmanın Efiopiya münaqişəsi ilə bağlı 10-15 dekabr arasında BƏƏ, Türkiyə və Misirə səfər etməsi planlaşdırılır.

Efiopiya ilə Nil çayının suyu uğrunda münaqişəli olan Misirin Əddis Əbəbə hökumətinin zəifləməsində maraqlı olduğu bəllidir, bu səbəbdən Qahirənin gizli şəkildə üsyançı qüvvələri dəstəklədiyini iddia etmək olar. Amerikan diplomatın münaqişənin digər 2 aktiv aktoru ilə yanaşı, Qahirəni də ziyarət etməsi, Misirin də aktiv şəkildə oyunun içində olduğu göstərir.

Misirdən fərqli olaraq, BƏƏ və Türkiyə mərkəzi hökuməti dəstəkləyir. Afrika Buynuzunun ən aktiv oyunçularından olan BƏƏ-nin Efiopiya hökumətinin başlıca dəstəkçilərindən biri olduğu məlumdur. Yəmənə xeyli yaxın mövqedə yerləşən regiona uzun müddətdir xeyli maraq göstərən Əmirliklər Eritreya və Somalilandda (Somali) hərbi baza yerləşdirməyi bacarıb. Efiopiyanın parçalanması Afrika Buynuzundakı statuskvonu dəyişə bilər, eyni zamanda Eritreya ilə sərhəddəki üsyançı Tiqrayların müstəqillik əldə etməsi BƏƏ-nin regiondakı ən önəmli tərəfdaşını müharibə ilə üz-üzə qoya bilər. Bunlar da Əbu-Dabinin heç bir halda istəmədiyi ssenarilərdir. BƏƏ-nin Əddis Əbəbəyə intensiv şəkildə silah və maliyyə göndərməsi fonunda Körfəzin zəngin ölkəsinin Efiopiyada da hərbi baza yerləşdirmə niyyətində olduğunu təxmin etmək olar.

Ankaranın Efiopiyada mərkəzi hökumət qüvvələrini dəstəkləməsinin başlıca səbəbi “stabil Efiopiya”nın Misirin regional ambisiyalarını balanslaşdırmasıdır. Eyni zamanda, Afrika Buynuzunun digər uzunmüddətli aktiv oyunçusu olan Ankaranın da Somalidə hərbi baza yerləşdirdiyi və xeyli geniş fəaliyyət göstərdiyi məlumdur. Bu səbəbdən, regionda stabillikdə maraqlı olan Türkiyə də parçalanmamış Efiopiyadan yanadır. Bundan əlavə, Efiopiya cəbhəsi Türkiyənin müdafiə sənayesi məhsullarının satışı və reklamı üçün fürsət yaradır.

Efiopiyada mərkəzi hökumətin digər önəmli dəstəkçiləri Çin, Rusiya və İrandır. Ələxsus, Efiopiya münaqişəsinin ABŞ və Çin arasındakı qlobal rəqabətin ilk “real” mübarizə meydanına çevrilməsi diqqət çəkir. Hökumət qüvvələrini intensiv şəkildə silahlandıran və münaqişənin ən şiddətli dövründə xarici işlər nazirini Əddib Əbəbəyə göndərən Pekinin ənənəvi fürsətçi siyasət yerinə, Efiopiyada açıq mövqe ortaya qoyması maraq doğurur.

Çinin qlobal strateji əhəmiyyət kəsb edən Bab əl-Məndəb boğazı yaxınlığında və Qırmızı dəniz hövzəsində aktivləşməsi, eləcə Afrika Buynuzundan “xammal daşıma yolu” qurması ABŞ liderliyindəki Qərb ölkələrini narahat etməyə bilməz. Qərbin Efiopiyada “Yuqoslaviya ssenarisi”nin (bölünüb kiçik dövlətlərə ayrılma) reallaşdırılmasında maraqlı olduğunu deyə bilərik. Fikrimcə, regionun ən böyük ölkəsinin vahid şəkildə Çindən asılı olmağındansa, parçalı strukturda olması Vaşinqton üçün daha əlverişli hesab oluna bilər.

@serqebaxis