Get Mystery Box with random crypto!

Son illərdə münaqişələrin həllində diplomatiyanın nəticəsizliy | Şərqə Baxış

Son illərdə münaqişələrin həllində diplomatiyanın nəticəsizliyi müşahidə olunur. Digər bir ifadə ilə, təəssüf ki, hərbi gücün diplomatiyadan daha real nəticələr verməyə başladığını görürük. Yaxın Şərqdəki daxili münaqişələr, Liviya, Efiopiya, Ermənistan-Azərbaycan, Rusiya-Ukrayna, İsrail-Fələstin münaqişələrində reallıqları ancaq hərbi əməliyyatlar dəyişə bilir.

Diplomatiyanın dişsizləşməsində dünya siyasi nizamındakı dəyişikliklərin təsirlərinin olub olmaması düşündürücüdür.

1990-2000-ci illərdəki birqütblü dünya nizamı dövründə ölkələr hegemon güc ABŞ-ın reaksiyasından çəkinirdi, bu səbəbdən problemlərin həllində hərbi güc yerinə diplomatiyaya daha çox üstünlük verirdilər. Yəni, bir mənada ABŞ “dünyanın polisi (nizamı)” rolunu oynayırdı.

Ancaq, İraq və Əfqanıstanda buraxılan səhvlər Vaşinqtonun siyasi-hərbi müstəvidə boşluqlarının olduğunu göstərdi. Ardınca da Rusiyanın Gürcüstanı işğal etməsinə Birləşmiş Ştatların səssiz qalması digər ölkələrin də ABŞ-ın hegemonik idarəçiliyi barədə qorxularını azaltdı və təsəvvürlərini dəyişdi. Sonrakı proseslər də bu istiqamətdə inkişaf etdi. Artıq, ABŞ-ın hərbi gücünün “çəkindirmə” funksiyası əvvəlki təsirlərini itirir.

Polisin gücü (nizam) zəiflədiyi üçün dalaşanlar artır və adətən qolu güclü olan qalib gəlir. Fikrimcə, hərbi gücün ön plana çıxması məhz birqütblü sistemin zəifləməsi və fərqli qütblərin formalaşması ilə əlaqəlidir.

Birqütblü sistemdə hegemon gücün qaydaları bəlli olur və hər aktor ona uyğun davranır. Ancaq, indilərdə bəzən böyük dövlətlər region gücləri ilə belə hesablaşmağa məcbur olur. Səbəbi isə çoxqütblü sistemdir. Bir tərəfdən istədiyini ala bilməyən ölkə, başqa tərəfə də müraciət edə bilir.

Ona görə də rəqibinə qarşı hərbi üstünlüyü olan tərəf diplomatiya ilə güzəştə getmək yerinə hərbi üstünlükdən istifadə etmək istəyir.

Və düşünürəm ki, çoxqütblü sistemə keçid etdikcə hərbi gücdən istifadə etmək istəyənlərin və müharibələrin sayı getdikcə artacaq.

@serqebaxis