Get Mystery Box with random crypto!

ABŞ-Çin rəqabətinin ön plana çıxması ilə uzun müddətdir dünyan | Şərqə Baxış

ABŞ-Çin rəqabətinin ön plana çıxması ilə uzun müddətdir dünyanın geosiyasi episentri kimi göstərilən Yaxın Şərqdə də ənənəvi dinamikalar dəyişməyə başlayıb və fikrimcə, bu proses regionun növbəti 10 illik mənzərəsini müəyyən edəcək.

Yəqin ki, bir çoxumuz üçün ən çox maraq kəsb edən məsələlərdən biri Səudiyyə Ərəbistanı və İran arasındakı soyuq müharibənin hansı istiqamətə təkamül edəcəyidir. Regiondakı bir çox proseslərin arxa planını bu iki ölkə arasındakı maraq və ideoloji toqquşmalar təşkil edir. Düşünürəm ki, bu barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur.

Əslində sual budur ki, ABŞ-ın regiona marağının azalması fonunda Çinin həm Körfəzlə, həm də İranla çox yaxın əlaqələr qurması və hər iki tərəfə irimiqyaslı yatırımlar etməsi Tehran və Riyad arasında kəskin münasibətlərin yumşalmasına təsir göstərəcək mi?

Məlum olduğu kimi, son 5 ildə münasibətlər tam kəskinləşmişdi. Son kəskinləşmənin ənənəvi amillərlə izahı olsa da, başlanğıc nöqtəsi olaraq Səudiyyənin 2016-ci ildə şiə din xadimi Nimr əl-Nimri edam etməsini göstərmək olar.

Bu ilin yazından etibarən (fikrimcə, yuxarıda qeyd edilən dünya geosiyasətindəki dəyişikliklərə görə qapalı qapılar arxasında) Səudiyyə-İran normallaşma prosesi gedir. Prosesin nəticəsiz olduğunu deyə bilmərik. Məsələn, Səudiyyənin oktyabrın sonlarında 10 ildir həbsdə olan əl-Nimrin qardaşı oğlunu azadlığa buraxması diqqət çəkir. Lakin son açıqlamalar prosesin dalana dirəndiyini göstərir. Belə ki, ötən günlərdə Səudiyyənin BMT-dəki nümayəndəsi İranın ciddi dialoq aparmadığını, prosesdə oyun oynadığını dilə gətirdi.

Digər bir məsələ, hər iki ölkədə gerontokrasiya (yaşlıların idarəetməsi) son illərini yaşayır. Əslində Səudiyyədə bu məsələ baş verib, qurucu lider Əbdüləziz Əl-Səudun oğulları tükəndiyi üçün taxt növbəsi nəvələrinə keçməkdədir və hazırda Məhəmməd bin Salman de-fakto liderdi. Eyni zamanda, 83 yaşlı İran ali liderinin də ölkədəki real siyasi gücü 79-inqilabında ciddi rol almayan, ikinci nəsilə ötürməsi gözlənilir. Belə bir vəziyyətdə hər iki ölkədəki yeni gənc elitanın da ölkələr arasında 40 ildir davam edən ənənəvi ideoloji rəqabəti yumşaldıb yumşaltmayacağı maraq doğurur.

@serqebaxis