Get Mystery Box with random crypto!

Əfqanıstan iqtisadiyyatı Taliban hökuməti dövründə çox ciddi b | Şərqə Baxış

Əfqanıstan iqtisadiyyatı Taliban hökuməti dövründə çox ciddi böhranla üz-üzədir.

Belə ki, əvvəlki hökumət dövründə büdcənin 80 %-i təşkil edən xarici maliyyə yardımları artıq kəsilib. Eyni zamanda, ABŞ hökuməti də Əfqan Mərkəzi Bankına məxsus 10 milyar $-lıq vəsaiti dondurub.

Asiya qitəsinin ən kasıb ölkəsi olan Əfqanıstanda hazırda əhalinin 95 %-i yoxsulluq vəziyyətindədir. Qarşıdan qış ayları gəlir. Ölkədə bank sistemi çox zəif inkişaf etdiyi üçün hazırda Əfqanıstana xaricdən maliyyə dəstəyi edilsə belə, vəsaiti və ərzaq yardımlarını regionlara əllə çatdırmaq lazımdır, bu proses də qışda mümkün deyil. Belə bir vəziyyətdə, əfqan xalqının çox böyük əksəriyyətinin ən azı yazadək aclıq çəkəcəyi qaçılmaz görünür.

Taliban üçün vəziyyətdən çıxış yolları elə də çox deyil. Fikrimcə, 3 ssenari daha çox önplana çıxıb.

Birinci ssenari olaraq, Taliblər hazırkı hökuməti buraxaraq, Qərbin tələblərinə uyğun daha inkluziv (müxalifət təmsilçiləri və qadın üzvlər olan) kabinet qurur. Beləliklə də, Taliban yeni hökumətlə donmuş maliyyə rezervləri və bir sıra Qərb maliyyə donorlarına yenidən çıxış əldə edə bilər.

İkinci mümkün ssenari kimi, Taliblər Qərb donorlarına alternativ olan maliyyə mənbələri tapmağa çalışacaq. Burada ən çox ön plana Çin çıxır. Ancaq, Çinin Əfqanıstana bu qədər böyük miqdarda kredit verib verməyəcəyi sual doğurur. Əgər Çin-Taliban maliyyə kombinasiyası baş tutsa, Pakistan və Əfqanıstanın hər ikisinin Çin cəbhəsində yer alması maraqlı geosiyasi mənzərə yaradacaq.

Üçüncü ssenari isə ölkənin yenidən vətəndaş müharibəsinə sürüklənməsidir. Hər nə qədər Taliban rejimi ölkədə hərbi baxımdan dominant qüvvə kimi görünsə də, həm köhnə rejimin qalıqları, həm Xorasan Vilayəti qruplaşması, həm İran dəstəkli xəzərə-şiə milislər, həm də Talibanın öz daxilindəki fraksiyalaşmalar stabil görünən siyasi vəziyyətin gedişatını fərqli istiqamətlərə yönəltmək potensialındadır.

Şəxsi versiya kimi sonuncunun daha yüksək ehtimal olduğunu düşünürəm.

@serqebaxis