Get Mystery Box with random crypto!

Britaniya İkinci Dünya Müharibəsi zamanı ABŞ və SSRİ ilə birli | Şərqə Baxış

Britaniya İkinci Dünya Müharibəsi zamanı ABŞ və SSRİ ilə birlikdə Tehran və Yalta görüşünün iştirakçısı olsa da, Süveyş Böhranında ABŞ-ın təzyiqi ilə geri çəkilməsi Krallığın beynəlxalq sistemdəki özəl statusunu itirməsinə işarə edirdi. Süveyş Böhranından sonra Britaniya böyük geosiyasi məsələlərdə söz sahibi ola bilmədi, yalnız ABŞ-ın izlədiyi siyasəti dəstəkləməklə kifayətlənirdi.

Dünya siyasi sistemində baş verən dəyişikliklər fonunda Britaniyanın yarım əsrdir izlədiyi “ABŞ-ın ən böyük dəstəkçisi” siyasətində dəyişiklik edib etməyəcəyi maraq doğurur.

İki ölkənin strateji maraqları Asiya-Pasifik hövzəsində Çin təhlükəsinə qarşı yenidən ortaqlaşsa da, ciddi fərqlənmələrin ortaya çıxdığı ilə bağlı müəyyən indikatorlar da var. Məsələn, ABŞ-ın Əfqanıstandan çəkilməsini ən ciddi tənqid edən ölkə Britaniya idi. Hətta, bu narazılıq krallığın müdafiə katibi Ben Wallace tərəfindən də dilə gətirildi. Britaniyanın Əfqanıstandan çəkilməməklə bağlı niyə bu qədər israr etdiyini dəqiq demək çətindir, yəqin ki, Krallıq sabiq müstəmləkələrinin yerləşdiyi Cənubi Asiyada hərbi missiyanı qorumaq arzusunda idi. Ancaq, Britaniyanın ABŞ-sız Əfqanıstanda qalmağa hazır olmadığı məlumdur və britaniyalılar amerikanlarka birlikdə geri çəkildilər.

Əfqanıstan örnəyi Britaniyanın ABŞ-dan müstəqil özünəməxsus strategiya formalaşdırmağa başladığının, ancaq hələ ki, hərəkətə keçə bilmədiyinin örnəyidir. Buna bənzər digər örnəklər Şərqi Aralıq, Qafqaz və Türk dünyasını göstərmək olar. Britaniyanın bu regionlardakı strategiyasının ABŞ-la uyumlu olmadığı, hətta Yunanıstan-Türkiyə məsələsində ikilinin maraqlarının ziddiyət təşkil etdiyini iddia etmək olar.

Digər maraqlı örnəyi Ukrayna böhranı təşkil edir. Britaniyanın Rusiyaya qarşı daha açıq və sərt mövqe qoyduğu, ABŞ-ın isə Rusiya ilə bağlı daha fərqli hesablarının olduğu məlumdur. Ancaq fikrimcə, Ukraynada müharibə baş versə, Britaniyanın prosesə ABŞ-sız birbaşa müdaxilə etmək ehtimalı elə də real deyil.

Əslində, Britaniyanın “Çin məsələsində yanındayıq” strategiyası ilə xarici siyasətdə ABŞ-dan çox da uzaqlaşmadan müstəqil kurs müəyyən etmək istədiyi aşkar görünür. Ancaq, hələ ki, Britaniya “ABŞ-sız”, “ABŞ-a rəğmən” praktiki hərəkət etməyib. Fikrimcə, bu hərəkət Britaniyanı dünya siyasətində “limitli qütb” olmaq yoluna yönəldəcək. Dananın quyruğunun harada qopacağı maraqlıdır.

@serqebaxis