Get Mystery Box with random crypto!

Napoleonun 1798-ci ildəki Misir səfəri həqiqətən də unikal əhə | Şərqə Baxış

Napoleonun 1798-ci ildəki Misir səfəri həqiqətən də unikal əhəmiyyət kəsb edir.

Məsələ burasındadır ki, Napoleon Misirə 40 min hərbçi ilə yanaşı, 167 elm adamı, sənətkar və mühəndis aparmışdı. Eyni zamanda, fransızlar özləri ilə birlikdə Yaxın Şərqə fransız, ərəb və yunan diilərində çap edə bilən 2 mətbəə, 287 cildlik kitabxana gətirmişdilər.

Hərbi-strateji aspektdən fransızların məqsədi Misiri ələ keçirməklə Aralıq dənizində möhkəmlənmək və ən əsası həmin regionda Hindistandan Britaniyaya gedən ticarət yollarına nəzarəti ələ keçirmək idi. Napoleon əsas məqsədini pərdələmək üçün Misir səfərinə elmi ekspedisiya görüntüsü verməyə çalışırdı.

Ancaq, digər tərəfdən Napoleonun Misirlə bağlı başqa planları da var idi. O, yanında apardığı elm adamları vasitəsilə Misirdə ideoloji təbliğat aparaq, Yaxın Şərq ölkəsini Britaniyadan uzaqlaşdıraraq Fransaya yaxınlaşdırmağa çalışırdı. Napoleonun özü ilə birlikdə mühəndislər gətirməsinin məqsədi isə Qırmızı dənizlə Aralıq dənizi arasında su kanalının (sonralar Süveyş kanalı) açılmasının mümkünlüyü ilə bağlı araşdırmaların aparılması idi.

Napoleonun Misirdə başlayıb Suriyada yekunlaşan 1798-1801 səfəri hərbi cəhətdən tamamilə fiyasko ilə nəticələnmişdi. Səfər çərçivəsində 15 min fransız hərbçi döyüşlərdə, 15 mini isə xəstəliklərdən həlak olmuşdu. Ancaq, Napoleonun Misirdə qoyduğu ideoloji iz çox böyük oldu və demək olar ki, sonraki 2 əsrdə Yaxın Şərqin bütün ölkələrinin daxili dinamikalarına yön verir. Çünki, Napoleon 1789-ci il Fransız İnqilabı ilə ortaya çıxan yeni dəyərləri, ideologiyaları, liberalizmi, sekulyarizmi və millətçiliyi “özü ilə birlikdə” Misirə aparmışdı. Bu mənada, Mikaberidze Misir səfərini liberal imperializmin ilk nümunəsi hesab edir.

Bir çox orientalistlər Napoleonun Misir səfərini Yaxın Şərqdəki modernləşmənin başlanğıcı hesab edirlər. Bir qədər mübahisəli yanaşmadır, çünki həmin dövrdə çox az misirli Napoleonun gətirdiyi dəyərlərə reaksiya vermişdi. Ancaq, Napoleon səfərinin sonralar Yaxın Şərqdə ortaya çıxan reformist liderlər üzərində çox ciddi təsirlərinin olduğu danılmazdır.

Napoleonun Misir səfərinin unikallığı burasındadır ki, hərbi cəhətdən darmadağın olmasına baxmayaraq, fransızlar ideoloji və mədəni cəhətdən 2 əsrdir getdikcə daha da güclənən “qələbə” qazana bilmişdilər. Misir səfəri təfəkkürdə qazanılan üstünlüyün silah gücü ilə qazanılan üstünlükdən daha effektiv olduğunun nümunəsidir.

@serqebaxis