Get Mystery Box with random crypto!

Ötən gün Türkiyə, Pakistan və Malayziyanın ortaq televiziya ka | Şərqə Baxış

Ötən gün Türkiyə, Pakistan və Malayziyanın ortaq televiziya kanalı quracağı açıqlanıb.

Bu üç dövlət arasında bir müddətdir yeni blok formalaşdığı məlumdur. Yəqin ki, bu üçlü əməkdaşlığı sünni dünyasında BƏƏ-Səudiyyə-Misir üçlüsünün liderlik etdiyi Ərəb ittifaqına qarşı qeyri-ərəb ölkələrin yaxınlaşması kimi dəyərləndirmək olar.

“Ərəb Baharı”ndan sonra siyasi İslam qısa müddətlik ərəb ölkələrində güc qazansa da, tezliklə statuskvoçu və ərəb millətçisi qruplar tərəfindən məğlub edildi.

Ərəb ittifaqından fərqli olaraq, Türkiyə, Pakistan və Malayziyada siyasi İslam hələ də öz gücünü qoruyur. Belə bir vəziyyətdə, bu üç qeyri-ərəb ölkəsinin müsəlman dünyasında ərəb millətçiləri qarşısındakı yaranmış boşluğu doldurmaq üçün əməkdaşlığı artırdıqlarını deyə bilərik. Burada ərəb ölkəsi olan, lakin siyasi İslamın hələ də öz gücünü qoruduğu Qətərin də qeyri-ərəb blokuna daha yaxın mövqe qoyması diqqət çəkir.

Lakin, qeyri-ərəb blokunun son dövrlərdə üzləşdiyi bir sıra çətinliklər var. Lirənin kəskin dəyər itirməsi fonunda Türkiyənin aktiv xarici siyasət kursuna dəyişiklik etdiyi, Körfəz monarxları ilə normallaşdığı məlumdur. Bənzər problem Pakistanda da mövcuddur. İslamabadın bir müddətdir Körfəzdən kredit almaq istədiyi, ancaq qeyri-ərəb blokunda təmsil olunduğuna görə Səudiyyə-BƏƏ tərəfinin maliyyə yardımı məsələsinə neqativ cavab bildirilirdi. Hətta, 2019-cu ildə Malayziyanın paytaxtı Kaula Lumpurda keçirilən son zirvə sammitində iştirak etməməsi üçün Səudiyyə tərəfinin Pakistana təzyiq etdiyi barədə iddialar da var idi. Pakistanın bu ayın əvvəllərində Səudiyyədən kredit alması tərəflər arasında normallaşmanın baş tutduğunu göstərir. Körfəzdəki münasibətlərini qaydaya salmağa çalışan Qətərin də növbəti periodlarda “Ərəb Qardaşlığı” blokuna qayıtması daha real görünür.

Belə vəziyyətdə, Türkiyə-Pakistan-Malayziya üçlü ittifaqının bloklaşma və inteqrasiya siyasətinə davam edəcəyini, lakin Körfəzə meydan oxumağa çalışdığı əvvəlki illərdən fərqli olaraq, daha yumşaq xarici siyasət strategiyası yürüdəcəyini proqnozlaşdırmaq olar.

@serqebaxis