Get Mystery Box with random crypto!

Sovet İttifaqının Əfqanıstana müdaxiləsi həqiqətən də çox böyü | Şərqə Baxış

Sovet İttifaqının Əfqanıstana müdaxiləsi həqiqətən də çox böyük geosiyasi əhəmiyyət kəsb edirdi.

Lawrence Wright “The Looming Tower” kitabında yazır ki, Sovetlərin müdaxiləsindən cəmi bir ay sonra Səudiyyə kəşfiyyatının rəisi Turki ibn Faysal Pakistana gəlir. Səudlər düşünürdü ki, Sovet İttifaqı isti dənizlərə - Oman Körfəzinə çıxmağa və ərəb neftinin daşındığı Hörmüz Boğazına nəzarət eləməyə çalışır. Ona görə də Moskvanın növbəti hədəfi Pakistandır.

Pakistanda Əfqan müqaviməti ilə tanış olan Turki ibn Faysal, Əfqanıstanın əldən çıxdığını, ən azından Pakistanın qorunmalı olduğunu düşünür.

Həmin vaxt ABŞ milli təhlükəsizlik müşaviri Bjezinski prezident Karterə “SSRİ-ə özünün Vyetnamını yaşatmalıyıq” tövsiyəsini verir. Beləliklə də, ABŞ-Səudiyyə-Pakistanın maraqları birləşir. Əfqanıstan müqavimətinin koordinasiya işi də ABŞ-da təhsil almış Turki ibn Faysala verilir.

Burada ən ciddi təhlükə Pakistanla bağlı idi. Belə ki, Pakistan kəşfiyyatının Əfqanıstandakı müqaviməti təşkil etdiyi ortaya çıxsaydı, bu SSRİ-ə Pakistanı da işğal etmək bəhanəsini verə bilərdi. Ona görə əməliyyat son dərəcə gizli aparılırdı.

Səudiyyə tərəfi Əfqan müqavimətinin maliyyə hissəsini öhdəsinə götürmüşdü və illik yarım milyard dollar xərcləyirdi. Səudlər həm də Abdullah Azzam və Üsəma bin Ladenin ərəb ölkələrindən Əfqanıstana yönləndirdiyi cihadçı şəbəkəsinə dəstək verirdi. Pakistan kəşfiyyatı isə Əfqanıstandakı silahlı qruplaşmaları təşkilatlandırırdı. ABŞ da Əfqanıstandakı qrupları silahla təmin edirdi.

Beləliklə də, son nəticədə Əfqanıstan macərası uğursuzluğa düçar olan Sovet İttifaqı həm hərbi, həm maddi, həm psixoloji zərbələr alır.

Fikrimcə, həmin dövrün regional mənzərəsinə diqqətlə baxdıqda Əfqanıstan müharibəsinin strateji əhəmiyyəti daha aydın anlaşılır. Çünki, İran inqilabının orta çıxardığı anti-amerikan dini-siyasi rejim və Hindistanın SSRİ ilə yaxın strateji münasibətləri Sovetlərin Cənubi Asiyadakı “Soyuq Müharibə”də üstünlüyü yavaş-yavaş ələ keçirdiyinə işarə edirdi. Belə bir vəziyyətdə Əfqanıstanda kommunist rejim mövcudluğunu qorusaydı, o dövrlər nüvə silahı olmayan və regionda ABŞ-ın ən yaxın müttəfiqi olan Pakistanın da aqibəti sual altına düşəcəkdi. Belə olan halda, Əfqanıstan Sovetlərin Cənubi Asiyada və Ərəbistan dənizi hövzəsində nüfuz mübarizəsində qalib gəlməsi və regiona nəzarəti ələ keçirməsi önündə son əngəl hesab oluna bilərdi.

@serqebaxis