Get Mystery Box with random crypto!

4 aydır Əfqanıstanda hakimiyyətdə olsa da, hələ də ictimaiyyət | Şərqə Baxış

4 aydır Əfqanıstanda hakimiyyətdə olsa da, hələ də ictimaiyyət qarşısına çıxmayan Taliban ali lideri Heybətullah Axundzadənin dünən Qəndahar şəhərində bir sıra yerli rəsmi şəxslərlə görüş keçirdiyi bildirilir. Qeyri-rəsmi mənbələr isə Axundzadənin dekabrın ortalarında dini liderlərlə də görüş keçirdiyini iddia edir.

Taliban ali lideri dünənki çıxışında qruplaşma üzvlərinin əvvəlki rejimin rəsmilərinə qarşı sərt davranışlarını və digər özbaşınalıqlarını tənqid edib. Eyni zamanda Axundzadə əfqanları ölkəni tərk etməməyə çağırıb. Taliban ali lideri ölkəsinin böyük sınaq qarşısında olduğunu və bu sınaqdan keçməli olduqlarını bildirib. Axundzadənin çıxışında siyasi məsələlərə toxunmaması diqqət çəkir. İxtisasca İslam hüquqçusu olan Taliban ali liderinin çıxışı şəriət məsələləri çərçivəsində qalıb.

Məlum olduğu kimi, Qəndahar Talibanın quruluş yeri və mərkəzi qərargahıdır. Eyni zamanda, Qəndahar fraksiyası Haqqanilərlə birlikdə Taliban daxilindəki ən güclü iki qrupdan biridir. Molla Ömər, Axtar Mansur, Molla Axundzadə, Molla Rəbbani, Molla Axund, Molla Yaqub, Molla Baradar kimi qruplaşmanın ən önəmli fiqurları Qəndahar qrupuna aid edilir. Hazırda paytaxt Kabilə nəzarət edən Haqqanilər şəbəkəsini isə Pakistanın ciddi şəkildə dəstəklədiyi məlumdur.

Qəndahar qrupu Pakistandakı pəştun separatizminə (Pakistan Talibanı - TTP) rəğbət bəsləsə də, Haqqani şəbəkəsi Pakistan Talibanına qarşı sərt mövqe göstərir. Pakistan tərəfi də Haqqaniləri Əfqanıstanda gücləndirməklə Pakistan Talibanı ilə Əfqan Talibanı arasındakı əlaqəni qoparmağa çalışır. Əfqanıstanın şimal və şərq vilayətlərini idarə edən Haqqanilər Pakistanın dəstəyi ilə həm paytaxt Kabildə möhkəmləniblər, həm də yeni Əfqan hökumətində daxili işlər nazirliyi postunu əldə ediblər.

Cənub və qərb vilayətlərinə nəzarət edən Qəndahar qrupuna de-fakto rəhbərlik edən təşkilatın qurucu lideri Molla Ömərin oğlu, yeni hökumətin müdafiə naziri Molla Yaqubun isə əsasən Səudiyyə tərəfindən dəstəkləndiyi iddia olunur.

@serqebaxis