Get Mystery Box with random crypto!

Ötən həftə Fələstin prezidenti Mahmud Abbas İsrailə səfər edər | Şərqə Baxış

Ötən həftə Fələstin prezidenti Mahmud Abbas İsrailə səfər edərək, müdafiə naziri Benni Qantzla görüşüb. Görüş Qantzın evində baş tutub. Bu səfər Fələstin liderinin 11 il sonra İsrailə ilk səfəridir. Qantz və Abbas ötən ilin avqustunda Fələstinin paytaxtı Ramallahda da görüşmüşdülər.

Tərəflər arasında sonuncu görüşün ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanın dekabrın son həftəsində regiona etdiyi səfərdən sonra gerçəkləşməsi diqqət çəkir. Səfər çərçivəsində Sallivan həm Qantz, həm də Abbasla təkbətək görüşmüşdü.

Abbasla görüşdə Qantz 10 minə yaxın fələstinli sakinin statusunun təsdiq edilməsini, bir sıra ciddi iqtisadi güzəştlərin təmin ediləcəyini öhdəsinə götürüb. İsrail Müdafiə Nazirliyi görüş və güzəştlərin “Üçüncü İntifada”nı (fələstinlilərin üsyanı) önləmək səyləri olduğunu bildirib.

Aydındır ki, İsrail tərəfini Abbasla yaxınlaşdıran əsas məqam “ortaq düşmən”dir. Məlum olduğu kimi, prezident Mahmud Abbasın lideri olduğu Fəth Partiyası sadəcə Qərb sahilində siyasi gücə malikdir, Qəzza zolağı İsrailə qarşı daha aqressiv olan Həmas tərəfindən idarə olunur. Bu səbəbdən son proseslər İsrail aspektindən Mahmud Abbasın Həmas qarşısında gücləndirilməsi cəhdi kimi oxuna bilər. Belə şərhlər var ki, Netanyahu dövründə İsrailin aqressiv siyasətinə zəmin yaratmaq üçün yaratmaq üçün Həmas bilərəkdən daha önplanda saxlanılır və böyük təhlükə kimi göstərilirdi. Fəth isə arxaplana atılmışdı. Qantz isə tamamilə əks strategiya yürüdür və bu dəyişiklikdə Ağ Evdəki yeni Administrasiyanın ciddi təsiri olduğu şübhə doğurmur.

Abbas tərəfdən isə 2021-ci ildə keçirilməli olan, ancaq müddətsiz təxirə salınan Fələstin parlament və prezident seçkiləri öncəsində Həmas qarşısında əlavə üstünlüklər qazanmaq vacibdir. Türkiyə və İran kimi regionun önəmli ölkələri tərəfindən dəstəklənən Həmasın Qərb sahilində də güclənməsi Fəthin dövlət idarəetməsini itirməsi ilə nəticələnə bilər. Eyni zamanda, Həmasın qarşıdan gələn seçkilərdə qalib gələrək dövlət aparatını ələ keçirməsi İsrail üçün də ciddi problemlər vəd edir.

Belə olan halda, Qantz və Abbas arasında yaxınlaşmanı seçki öncəsində hər iki tərəfin faydalandığı praqmatik siyasi taktika kimi qiymətləndirmək olar.

@serqebaxis