Get Mystery Box with random crypto!

Maraqlıdır ki, birinci Əfqan cihadı və sonrasında Yaxın Şərqdə | Şərqə Baxış

Maraqlıdır ki, birinci Əfqan cihadı və sonrasında Yaxın Şərqdə ortaya çıxan islamçı qrupları radikallaşdıran dalğa Ərəb yarımadasından yox, Misirdən gəlmişdi. Xüsusilə, 50-60-ci illərdə Misirdə kralın devrilməsindən sonra ortaya çıxan sekulyar-islamçı münaqişəsi səbəbilə həbs edilən xeyli sayda islamçı gənc Misir zindanlarında radikallaşmışdı. Bunun da əsas səbəbi kimi Seyid Qütbün yazıları göstərilir. Bu mövzuya qayıdarıq.

Ümumiyyətlə, dini fundamentalist istiqamətə yönələn şəxslər arasında Şükrü Mustafadan daha radikalına, daha fanatikinə rast gəlməmişəm. Qütbün İslam dünyasının cahiliyyə dövründə yaşadığı iddiasını əsas götürən Mustafa İslami bir cəmiyyətin/topluluğun qeyri-İslami çevrə ilə əlaqəsinin tamamilə kəsilməsini istəyirdi. Çünki, Mustafaya görə ətraf aləmlə təmas “saf İslam”ı poza bilərdi. Eyni zamanda Qütbün yenidən gündəmə gətirdiyi “təkfir”i (yəni dinə uyğun yaşamayanı dindən çıxarmaq) praktiki olaraq həyata keçirən Mustafa öz cəmiyyətindən başqa heç kimi müsəlman qəbul etmirdi.

Şükrü Mustafa həbsdən çıxdıqdan sonra bir qrup dəstəkçisi ilə Misirin səhralarına çəkilərək, mağaralarda yaşamağa başlayır. Misirin təhlükəsizlik orqanları Mustafanın mağaralarda yaşayan camaatını “Təkfir və Hicrət” qrupu olaraq adlandırmışdı. Öz ətrafına 2 mindən çox dəstəkçi toplayan Mustafa 1977-ci ildə bir din xadiminin öldürülməsindən sonra həbs olunaraq edam edilir.

Əfqan cihadına qoşulmaq üçün Pakistana gedən misirlilər Qahirə zindanlarındakı radikal baxışları buradakılara da ötürə bildilər. Xüsusilə, ən tanınmış cihadçılardan olan, hazırkı əl-Qaidə lideri misirli Ayman əl-Zəvahiri də Pakistanda Üsəma bin Ladeni də “Misir radikallığı”na yönəltmişdi. Əfqan Cihadından sonra öz ölkələrinə qayıdan bəzi “əfqan ərəb”lər misirlilərin radikallığı və müasir təkfirçiliyini də özləri aparmışdılar.

Əl-Qaidə və sonradan ortaya çıxan digər cihadçı qrupların izolyanist və kommunal təşkilatlanmaları Şükrü Mustafanın “Təkfir və Hicrət” qrupuna əsaslanır. Ancaq, sonrakı qrupların heç biri Şükrü Mustafanın camaatı qədər radikal deyildi. Çünki, müasir təkfirçilərdən fərqli olaraq Şükrü Mustafa təkcə ideoloji cəhətdən anti-Qərb deyildi, texnologiyadan tutmuş fənlərədək Qərbdən gələn hər şeyi və modernləşməni bütünlüklə rədd edirdi.

@serqebaxis