Get Mystery Box with random crypto!

Gələn həftə Rusiya və Qərb bloku arasında çox önəmli diplomati | Şərqə Baxış

Gələn həftə Rusiya və Qərb bloku arasında çox önəmli diplomatik təmasların olması gözlənilir. Əvvəlcə 10 yanvarda Rusiya və ABŞ rəsmiləri görüşəcəklər. 12 yanvarda isə Rusiya və NATO arasında müzakirələr olacaq. NATO həmin görüşdən öncə üzv dövlətləri ilə məsləhətləşmələr üçün sabaha fövqəladə iclas çağırıb.

Rusiya-Qərb təmaslarında Ukrayna məsələsi başda olmaqda bir sıra məsələlər gündəlikdə olacaq. Məlum olduğu kimi, ötən ilin sonlarında Moskva ortaya 2 sənəd çıxararaq Qərblə olan mübahisələri, nüfuz ərazisi bölgüsünü rəsmiləşdirməyi tələb etmişdi. Qərbi kompromisə məcbur etmək üçün Rusiyanın Ukrayna sərhədinə 100 minlik qoşun topladığı da məlumdur.

Qazaxıstanda baş verən son hadisələr Rusiyanın ənənəvi imperialist müdaxiləsinə yol açsa da, düzünü desəm Moskvanın Qərbdən ciddi güzəştlər qoparmağa çalışdığı belə bir vaxtda Mərkəzi Asiyada işləri mürəkkəbləşdirməkdə maraqlı olması mənə qəribə gəlir. Yəni, Tokayev-Nazarbayev çəkişməsi nə dərəcədə önəmli idi ki, Rusiya bu məsələni məhz belə bir vaxtda həll etməyə riskə getsin.

Rusiyanın Tokayevin çağırışına cəmi yarım saata reaksiya verməsi Moskvanın Qazaxıstandakı məsələni dərhal həll etmək istədiyini göstərir. Əslində bu anlaşılandır, çünki Rusiyanın NATO qarşısına çıxardığı sənədin 7-ci maddəsində NATO-nun hərbi fəaliyyət göstərməməsini tələb etdiyi üç region var: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya. KTMT-nin ən önəmli üzvü olan Qazaxıstanı bir çox parametrlərinə görə Mərkəzi Asiyanın hərbi-siyasi strateji mərkəzi kimi göstərmək olar. Belə bir məqamda, Rusiyanın Qazaxıstanda eksperimentə getməsinə şübhə ilə yanaşıram.

Rusların Ukrayna və Qazaxıstanda eyni vaxtda hərbi aktivlik göstərmək istəməsi inandırıcı deyil. Nəzərə almaq lazımdır ki, Ukrayna və Qazaxıstan ərazi cəhətdən çox böyükdürlər və biri-birindən çox uzaqda yerləşən iki fərqli regionda yerləşirlər. Hətta, dünən bəzi hərbi ekspertlər Rusiyanın şərqdəki - Ural və Sibir bölgəsindəki döyüşə hazır qüvvələrinin böyük hissəsini Ukrayna və Belarus sərhədinə dislokasiya etdiyini, bu məsələnin Qazaxıstana müdaxilədə əlavə çətinliklər yaratdığını qeyd edirdilər.

@serqebaxis