Get Mystery Box with random crypto!

Xatırlayıram ki, 2015-16-cı illərdə Rusiyanın Mərkəzi Asiyaya | Şərqə Baxış

Xatırlayıram ki, 2015-16-cı illərdə Rusiyanın Mərkəzi Asiyaya təsir imkanlarının azalmağa başladığı bir çox fərqli platformalarda ciddi şəkildə müzakirə olunurdu. Əsas problem kimi də iqtisadiyyatda baş verən ciddi daralmalar səbəbilə Rusiyanın Mərkəzi Asiya siyasətinə maliyyə vəsaiti “çatdırmadığı” göstərilirdi. Həmin dövrdə həm neft-qaz qiymətlərinin kəskin ucuzlaşması, həm də Krımın ilhaqı səbəbilə qoyulan sanksiyalar Rusiya iqtisadiyyatını xeyli zəiflətmişdi.

Rusiyanın regionda iqtisadi cəhətdən zəiflədiyi bir vaxtda Çinin bölgədə aktiv iqtisadi genişləməyə başladığı hiss olunurdu və ötən dövrdə Pekin bu istiqamətdə xeyli yol qət eliyə bilib. Çinə nisbətən resursları xeyli məhdud olsa da, ortaq kimlik faktorundan effektiv istifadə etməklə regionda nüfuzunu artırmağa çalışan digər aktor isə Türkiyədir.

Təbii ki, başqa aktorların regionda iqtisadi cəhətdən aktivləşməsi Rusiya üçün ciddi problemlər vəd edir. Çünki, nəzərə almaq lazımdır ki, iqtisadi güc hər zaman siyasi güc doğurur. Təsadüfi deyil ki, ənənəvi olaraq Moskvaya loyal olan Mərkəzi Asiyanın siyasi elitaları son illərdə Çin və Türkiyə kimi regionda aktivləşən gücləri müəyyən məqamlarda Moskvaya qarşı “balanslaşdırıcı fürsət” kimi görməyə başlayıblar.

Rusiyanın ən çox “güvəndiyi” regionda başlayan “sıçan-pişik” oyununa hər hansı bir formada müdaxilə etməli olduğu qaçılmaz görünür. Bu səbəbdən, Moskvanın Qazaxıstanda ələ düşən ilk fürsətdən son illərdə öz əleyhinə inkişaf edən prosesi geri çevirmək üçün istifadə edəcəyi şübhəsizdir.

Rusiya istədiyini sərt güc və aqressiya ilə alan ölkə kimi tanınır. Sözün düzü, Moskvanın hərbi gücdən başqa alternativlərinin olduğunu da demək çətindir. Ona görə də, Rusiya “sadəcə hərbi gücdən istifadə ilə bütün müstəvilərdə maksimum mənfəət əldə etmək” strategiyası yürüdür və bu məsələdə xeyli “peşəkarlaşıb”. Yəqin ki, Qazaxıstan örnəyində də fərqli olmayacaq.

@serqebaxis