Get Mystery Box with random crypto!

Daxili üsyanları yatırmaq üçün siyasi rejim tərəfindən xarici | Şərqə Baxış

Daxili üsyanları yatırmaq üçün siyasi rejim tərəfindən xarici ordu çağırılmasının tarixdəki örnəkləri çoxdur. Son olaraq Qazaxıstanda baş verən bu hadisəyə ən yaxın tarixdəki bənzər örnəklər “Ərəb Baharı” prosesi çərçivəsindəki Suriya, Yəmən və Bəhreyn örnəkləridir. Xüsusilə də Bəhreynin bənzərliyi daha çoxdur.

Çünki, 2011-ci ildə Bəhreyn monarxı da Qazaxıstanda olduğu kimi nümayişlərə qarşı formal olaraq müəyyən bir ölkədən yox, üzv olduğu Körfəz Əməkdaşlıq Təşkilatından yardım istəmişdi. Nəticədə, 1000 Səudiyyə və 500 BƏƏ qüvvəsi ölkəyə yeridilərək siyasi rejim xilas edildi. Yəni, həm Qazaxıstan, həm də Bəhreyndəki siyasi rejim üzv olduğu təşkilat çərçivəsində qorunmuşdu. Təbii ki, reallıqda Bəhreyndəki rejimin qorunması Səudiyyənin, Qazaxıstandakı rejimin qorunması Rusiyanın maraqları çərçivəsində baş verdi.

Maraqlıdır ki, Bəhreyndəki siyasi rejim 1 ay müqavimət göstərə bilmişdi, Qazaxıstandakı rejim isə üsyanın 4-cü günündə yardım çağırışı etdi.

Əslində Yəmən prezidenti də xaricdən hərbi yardım ilə bağlı hər hansısa bir ölkəyə yox, Ərəb Liqasına müraciət etmişdi. Ancaq, Yəmən hakimiyyəti xaricdən yardım üçün müraciət edəndə ölkədə çox qanlı vətəndaş müharibəsi gedirdi. Bu baxımdan Yəmən Suriya ilə daha çox bənzərlik təşkil edir. Suriya hakimiyyəti də vətəndaş müharibəsinin ən qanlı fazasında Rusiyadan kömək istəmişdi. Eyni zamanda Suriya və Yəməndə xaricdən dəstək verilsə də 7 ilə yaxındır ki, daxili sabitlik təmin oluna bilməyib. Bəhreyndə isə siyasi rejim bütün funksiyalarını qısa bir zamanda bərpa etdi və 11 ildir ki rejim davam edir.

Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlərdə müqayisəli təhlillər hər zaman qüsurlu olur. Hər örnəyin özünəməxsus detalları var, bənzərliklər və fərqliliklər bütün prosesin müqayisəsi üçün yetərli deyil. Ona görə də, müəyyən bənzərliklərə əsaslanıb Bəhreyndə baş verən sonrakı hadisələrin Qazaxıstanda da baş verəcəyini iddia etmək mümkün deyil.

@serqebaxis