Get Mystery Box with random crypto!

İraqda oktyabr ayında keçirilmiş parlament seçkilərindən 3 ay | Şərqə Baxış

İraqda oktyabr ayında keçirilmiş parlament seçkilərindən 3 ay keçməsinə baxmayaraq, hələ də hökumət qurula bilmir. Ancaq, hökumətin aylarla qurula bilməməsi qeyri-adi vəziyyət deyil, Səddam sonrası İraq siyasətinin xroniki problemidir.

Təbii ki, proseslərin mərkəzində son seçkilərdə ən çox səs toplayan, İraq siyasətinin “boz kardinalı” hesab olunan şiə din xadimi, 47 yaşlı Müqtəda əs-Sədrdir.

Müqtəda həm İranla əlaqələrini qorumağa, həm də Səudiyyə ilə əlaqələri inkişaf etdirməyə çalışır və iki rəqib qonşusunu balanslaşdırmağı bacarır. Qasım Süleymani və Əbü Mehdi Mühəndisinin öldürülməsi Müqtədanın İraqdakı İranyönümlü şiə milislər və onların siyasi hərəkatları qarşısındakı manevr imkanlarını artırıb. Son seçkilərdə ciddi məğlubiyyətə uğrayan İran dəstəkli şiə qruplar yeni hakimiyyətdə təmsil oluna bilmək üçün Müqtədadan asılı vəziyyətdədirlər.

Eyni zamanda, Səddam sonrasında İraqda İrana qarşı imkanları xeyli məhdudlaşan Səudiyyə və İraqın ərəb qonşuları Müqtədanın “ərəb qardaş”lığını ön plana çıxarmasından sonra yenidən Bağdada təsir imkanları əldə edib.

Bir sözlə ritorikasında “İraqçılığı” ön planda saxlayan Müqtəda geniş kütlələrdən dəstək qazana bilir, bununla yanaşı o, həm şiə həmrəyliyindən, həm də ərəb qardaşlığından istifadə etməyə çalışır və demək olar ki, hər iki faktoru özündən asılı vəziyyətə salmağı bacarıb.

Müqtədanın İraq kimi mürəkkəb ölkədə getdikcə regionun ən önəmli fiqurlarından birinə çevrilməsi bir maraqlı məqamı xatırladır.

Məlum olduğu kimi, əs-Sədr İraq şiələrinin ən öndə ailələrindən biridir. İranda şiə hakimiyyəti qurulandan sonra İraqdakı şiələrə qarşı çox sərt addımlar atmağa başlayan İraq prezidenti Səddam Hüseyn Sədr ailəsindən Məhəmməd Baqir Sədr, Əminə Sədri edam etdirmiş, eləcə də Müqtədanın atası Məhəmməd Sadiq Sədr və iki qardaşını sui-qəsdlə öldürmüşdü.

Patrick Cockburn Müqtədanın bioqrafiyasını yazdığı kitabında deyir ki, 1999-cu ildə atası və iki qardaşı öldürüləndən sonra Müqtədanın ağıldan kəm olduğu və ciddi təhlükə törədə bilməyəcəyi ilə bağlı şaiyələr yayılmışdı. Bu şaiyələr böyük ehtimal, Müqtədanı da ölümdən qorumaq üçün öz ailəsi tərəfindən yayılmışdı. Həmin şaiyələr Səddamı Müqtədanın ciddi “təhlükə” olmayacağına inandıra bilmişdi. Ancaq sonrakı hadisələr onu göstərir ki, Səddam ailənin siyasi cəhətdən ən bacarıqlı və ən “təhlükəli” üzvünü diqqətdən qaçırdıb.

@serqebaxis