Get Mystery Box with random crypto!

Ərəb Baharı prosesinin ilk mərhələsinin Tunisdə uğurla tamamla | Şərqə Baxış

Ərəb Baharı prosesinin ilk mərhələsinin Tunisdə uğurla tamamlandığı gündən 11 il ötür. Ancaq, “Tunis lənəti” Ərəb baharının üzərinə çökdü və sonradan 20 ölkəyə yayılmış üsyanlar bu və ya digər şəkildə uğursuzluqla nəticələndi.

Tunis prosesi həqiqətən də çox unikaldır. Lakin, mən xüsusilə Ərəb Baharının ikonuna çevrilən tunisli Məhəmməd Bouazizidən danışmaq istəyirəm.

Məlum olduğu kimi kiçik regionların birində səyyar piştaxtası ilə meyvə satan Bouazizinin 2010-cu ilin 17 dekabrında Faida Hamdi adlı qadın polisin rüşvət tələb etməsinə etiraz olaraq özünü yandırması Ərəb Baharı prosesinin qığılcımı olmuş, milyonlarla insan küçələrə axışmışdı.

Çox maraqlıdır ki, demək olar ki, son dərəcə eyni hadisə 2010-cu ilin 3 mart Tunisin bir başqa kiçik regionunda baş vermişdi. Bouazizi kimi səyyar araba ilə meyvə satan Abdesslem Trimeç bənzər səbəbə görə bələdiyyə binasında özünü yandırmışdı. Ancaq Bouazizinin intihar cəhdidən 9 ay əvvəl baş verən Trimeç intiharı kütləvi nümayişlər yarada bilməmişdi.

Bu iki acı və dəhşətli fenomenin çox müxtəlif müstəvilərdə müqayisəsi aparılıb. Əsas fərqliliklər kimi Trimeçdən fərqli olaraq Bouazizin intiharının görüntülərinin olması və bu görüntülərin sosial media vasitəsilə cəmiyyətin bütün təbəqələrini dəhşətə salması göstərilir. Bouazizinin intiharının kütləvi nümayişlərə səbəb olmasının digər səbəbi kimi Əli adlı qohumunun müxtəlif yalanlar uydurması göstərilir. Məsələn, Əlinin bir iddiasına görə, qadın polis Bouaziziyə şillə vurub, bu da qadın tərəfindən döyülmənin çox böyük həqarət və alçaldılma olduğu cəmiyyətdə çox geniş miqyasda əks-səda doğurdu. İnsanlar Bouazizinin timsalında özlərini alçalmış gördülər və s...

Qısacası, iddialar budur ki, Treçimin intiharı sadəcə səyyar satıcıların problemlərinin təzahürü idisə, Bouazizinin intiharı cəmiyyətin çox müxtəlif təbəqələrinin problemlərinin təzahürü oldu.

Bütün bunlarda müəyyən həqiqət payını qəbul etməklə yanaşı, mən proseslərin sosial-iqtisadi arxaplanının da önəmli olduğunu düşünürəm. Xüsusilə, 2008 Maliyyə Böhranına diqqət edilməlidir.
James Gelvinin bu proseslə bağlı yaxşı təhlili var. Əhalisinin yarısından çoxu cavan olan ərəb ölkələrində böhranın da təsiri ilə çox böyük işsizlər kütləsi formalaşmışdı. Digər məsələ qida tədarükündə baş verən dalğalanmalar gündəlik qida ehtiyacını təmin edə bilməyən kütlələr yaratmışdı. Bu indikatorlar ərəb rejimlərini getdikcə daha çox qırılğan vəziyyətə aparırdı.

Yetərincə qurumamış otun üzərinə sıçrayan qığılcım yanğın çıxarda bilməz. Ancaq, ot quruduqdan sonra sıçrayan qığılcım qarşısıalınmaz yanğınlara səbəb olur. Fikrimcə, biri-birindən 9 ay baş vermiş iki insan faciəsinin fərqli nəticələrini bu aspektdən də dəyərləndirmək mümkündür.

@serqebaxis