Get Mystery Box with random crypto!

Malidə hərbi çevrilişlə hakimiyyətə gələn 37 yaşlı polkovnik A | Şərqə Baxış

Malidə hərbi çevrilişlə hakimiyyətə gələn 37 yaşlı polkovnik Asimi Goitanın çağırışı ilə onminlərlə insan anti-Fransa şüarları ilə küçələrə axışıb. Nümayişlərə səbəb, Qərbi Afrika İqtisadi Birliyi (ECOWAS) tərəfindən Maliyə çox geniş iqtisadi sanksiya tətbiq edilməsidir. ECOWAS-ın sanksiyalarının səbəbi isə Malidə fevralda keçirilməsi nəzərdə tutulan seçkilərin təxirə salınmasıdır. Hərbi rejim iqtidarın mülki siyasətə ötürülməsini 2025-ci ildə mümkün ola biləcəyini bildirir.

Malilər son sanksiyalarda Fransanı ittiham edir. Hazırda Fransa Avropa İttifaqının da Maliyə qarşı sanksiyalara qoşulmasına çalışır. Fransanın keçmiş müstəmləkəsində minlərlə əsgəri var və Mali Qərbi Afrikanın nəzarətdə saxlanılması üçün çox önəmlidir.

Fransızlar Goitanı Rusiya ilə əməkdaşlıqda günahlandırır. Artıq, Goitanın dəvəti ilə rus muzdlu qrupu Vaqner üzvləri paytaxt Bamakoya gəlib. Mərkəzi Afrika Respublikasından sonra Malini də Rusiyaya uduzmaq Fransanın qitədəki yetərsizliyini göstərməyə başlayıb və Parisin Malini iqtisadi cəhətdən sıxışdırılmasından başqa variantları elə də çox deyil.

2020-ci ilin avqustunda hakimiyyəti ələ keçirən polkovnik Fransa imperializmini sərt şəkildə tənqid edən ritorikası ilə çox böyük dəstək kütləsi qazanıb. Malilər sabiq siyasətçilərin ölkənin zəngin qaynaqlarını fransızlara satmasına görə Goita tərəfindən devrildiyini düşünürlər. Hərbi çevrilişlə gələn şəxsin xalqın dəstəyini ala bilməsi xarakteristik deyil. Bu baxımdan Goitanın yüksəlişini 1952-ci ildə Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn polkovnik Camal Əbdül Nasirin yüksəlişinə bənzədərdim. Nasirin hakimiyyətə gəlişi də xalqın alt təbəqələrində ciddi dəstək yaratmışdı. Goita da Nasir kimi qitədəki Qərb imperializminə qarşı mübarizənin qəhrəmanına çevrilib. Eyni zamanda, Nasir də Britaniyaya qarşı mübarizədə SSRİ-dən dəstək almağa çalışırdı. Bu baxımdan, Goitanın Moskvaya yaxınlaşması da analogiya təşkil edir.

@serqebaxis