Get Mystery Box with random crypto!

Yaxın saatlarda Cənubi Çin dənizində XXI əsrin ən önəmli böhra | Şərqə Baxış

Yaxın saatlarda Cənubi Çin dənizində XXI əsrin ən önəmli böhranlarından biri yaşana bilər. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nansi Pelosinin Tayvana mümkün səfərindən öncə regionda vəziyyət olduqca, gərgindir.

Düzü, mən vəziyyətin tamamilə nəzarətdən çıxacağını düşünmürəm, ən azından buna ümid edirəm. Amma böhrandan yayınmağın yolları elə də çox deyil. Çin Pelosinin səfərini ləğv etməsini, ABŞ isə Çinin aqressiv cavab verməkdən çəkinməsini istəyir. Çinin aqressiv cavabları arasında Pelosinin səfərinə hansısa formada imkan verməmək və ya adaya qarşı müharibəyə başlamaq var ki, bu həmlələr də güman ki, regiona cəmləşdirilən ABŞ və Çin orduları arasında birbaşa toqquşmaya gətirib çıxaracaq. Proseslərə son dərəcə təmkinli və ölçülü reaksiyaları ilə tanınan Çinin belə aqressiv addımlar atması ehtimalı da yüksək görünmür.

ABŞ-Sovet İttifaqı arasında “Soyuq Müharibə” dövründə baş vermiş bu səviyyədəki böhranlarda hər iki böyük güc bir-birinə geri addım atmağa imkan verərək, qaynar toqquşmadan yayına bilmişdilər.

ABŞ öz səfər həmləsini son ana qədər nə rəsmi təsdiq, nə də təkzib etməklə qeyri-müəyyən saxlayaraq, Çinin mümkün reaksiyasını təxmin etməyə çalışır. Çin isə diplomatik ritorikanı kəskinləşdirərək və hərbi təlimlər keçirərək istənilən cavabı verə biləcəyini göstərməklə, öz cavab həmləsini qeyri-müəyyənlikdə saxlamağa çalışır. Tərəflər arasında həftələrdir davam edən qeyri-müəyyənlik oyununun necə sonlanacağını isə yaxın saatlarda görəcəyik.

Ən fəlakətli ssenari baş versə, yaranacaq mənzərə bir mənada İkinci Dünya Müharibəsinə bənzəyəcək: Avropada müharibə davam edərkən, ABŞ Sakit Okeanda yeni cəbhə açdıracaq… Ümid edək ki, tarix bu dəfə təkrar olunmayacaq.

@serqebaxis