Get Mystery Box with random crypto!

9 avqustda Rusiya işğalındakı Krım yarımadasının qərb sahillər | Şərqə Baxış

9 avqustda Rusiya işğalındakı Krım yarımadasının qərb sahillərində yerləşən aviabazanın bombalanması nəticəsində 9 ilə 14 arası rus qırıcısının məhv olduğu iddia olunur. Əgər rəqəmlər doğrudursa, bu, rus hava qüvvələrinin müharibə boyunca üzləşdiyi ən ağır günlük itkidir.

Son Krım hücumu müharibənin ən önəmli hadisələrindən biridir və bu hücumun hərbi məqamlarla yanaşı, strateji, geosiyasi və psixoloji amillərə hesablandığı barizdir.

Strateji amil budur ki, Ukrayna müharibə alovunu Krıma qədər daşıya biləcəyini göstərdi, yəni, mesaj budur ki, müharibənin gedişatını və coğrafi çərçivəsini Rusiya müəyyən etmir.

Qərb ölkələrindən “Rusiya ərazilərini hədəf almayacağı” barədə təminatla silah tədarük edən Ukraynanın Krımı bombalaması geosiyasi olaraq Krımın Rusiya ərazisi kimi tanınmadığı mesajını daşıyır. Krımı ilhaq edərək öz ərazi bütövlüyünə daxil edən Rusiya yarımada ilə bağlı heç bir müzakirəyə getməyəcəyini bildirir. Yəni, Rusiya Krımı Ukrayna münaqişəsində kənarda saxlamağa çalışır. Ukrayna və dolayı yolla Qərbin verdiyi mesaj isə Krımın hələ də Ukrayna münaqişəsinin bir parçası olmasıdır.

Psixoloji məqam bu amillər arasında bəlkə də ən vacibdir. Ukrayna tərəfi bu hücumla həm Rusiya ictimaiyyətində müharibə reallığını hiss etdirməyə, həm də öz əhalisi və əsgərlərinin motivasiyasını artırmağa çalışdı. Qərb mediası rəsmi Kiyevdəki mənbələrə istinadən Ukraynanın çoxdan gözlənilən, lakin hələ də baş tutmayan cənub istiqamətindən irimiqyaslı əks-hücumunun tezliklə başlayacağını iddia edir.

@serqebaxis