Get Mystery Box with random crypto!

Əsəd hökuməti Suriyanın 80 min barrel günlük neft hasilatının | Şərqə Baxış

Əsəd hökuməti Suriyanın 80 min barrel günlük neft hasilatının 80 %-nin, təxminən 66 min barrelin ABŞ tərəfindən qaçaqmalçılıq yoluyla satıldığını bildirilir. Nəzərə alsaq ki, müharibədən əvvəlki dövrdə Suriyanın günlük neft hasilatı 400 min barrelə çatırdı, bu rəqəm çox da böyük həcm sayılmır. Burada ABŞ üçün önəmli olan Əsəd rejiminin həmin neft resurslarından məhrum qalmasıdır.

Məlum olduğu kimi, Vaşinqton PKK-nın Suriya qolu YPG bünövrəsində formalaşdırdığı Suriya Demokratik Qüvvələri (SDF) vasitəsilə Suriya topraqlarının 25 %-ə (40 min kv.km.) nəzarət edir. Bu rəqəm, ölkə ərazisinin 65 %-ə nəzarət edən Rusiya-İran dəstəkli Əsəd qüvvələrinin nisbətən xeyli kiçik olsa da, Suriyanın su ehtiyatlarının 90%-i, əkinə yararlı torpaqların yarısı, enerji resurslarının 80%-i məhz, ABŞ-ın nəzarətindəki ərazilərdə yerləşir. Yəni, kəmiyyət kiçik olsa da, amerikanların nəzarətindəki torpaqların önəmi çox böyükdür.

Münaqişənin ilk illərində Vaşinqtonun Suriya strategiyasını kifayət qədər uğursuz saymaq olar. 2015-ci ildə Rusiyanın Suriyaya müdaxiləsi və burada möhkəmlənməsindən sonra ABŞ kürdlər vasitəsilə həm oyunda qalmaq, həm də Rusiya-İran tandeminin Suriyadakı mütləq qələbəsinə imkan verməmək strategiyasını izləməyə başladı. Təbii ki, bu strategiya ABŞ-Türkiyə münasibətlərinin kəskinləşdirərək Ankaranın Moskva ilə çox ciddi yaxınlaşması prosesinə təkan verdi. Deyə bilərik ki, bu da ABŞ-ın Suriyadakı oyunda qalmağının bədəli idi.

Ümumi mənzərədə ABŞ Suriyada məğlub tərəf görünsə də, amerikanlar su, topraq və enerji kimi strateji resursları öz nəzarətinə götürərək Suriya münaqişəsinin həlli ilə bağlı masada öz yerini təmin edib. Rəqəmlərə baxdıqda isə bu yerin masanın baş tərəfində olduğunu görürük. Çünki Əsəd ailəsi Rusiya və İranın dəstəyi ilə hakimiyyətdə qalmağı təmin etsə də, rejimin gələcəyi üçün sözügedən resurslara məhkumdur. Vaşinqtonun SDF vasitəsilə Əsəd və dəstəkçilərini “öz” şərtlərinə razı salmadan bu strategiyasını dəyişməyəcəyi aşkardır. Hazırda beynəlxalq sistemdəki mövcud reallıqlara baxdıqda, Suriya münaqişəsinin yekun həll prosesinin hələ də çox uzaqda olduğu görünür.

@serqebaxis