Get Mystery Box with random crypto!

14 il əvvəl Rusiyanın Gürcüstana müdaxiləsinin Avropa geosiyas | Şərqə Baxış

14 il əvvəl Rusiyanın Gürcüstana müdaxiləsinin Avropa geosiyasətində tektonik dəyişikliklərə gətirib çıxaracağını yəqin ki, çox az insan təxmin edirdi.

Şübhəsiz ki, Rusiyanın Gürcüstanı işğalı öz orbitindən çıxaraq Qərb blokuna keçmək istəyən digər ölkələrə xəbərdarlıq, Gürcüstan başda olmaqla, başqalarının keçidlərinin qarşısını almaq məqsədi daşıyan “qabaqlayıcı addım” idi. Yəni, bir mənada Rusiya post-sovet məkanında özünə qarşı domino effektinin (baş verən bir hadisənin bənzər digər hadisələrə təkan verməsi) yaranacağından çəkinirdi və Gürcüstanda bunun qarşısını almağa çalışdı.

Ancaq, qəribəsi odur ki, Gürcüstanın işğalı post-sovet məkanında əks bir domino effektinə səbəb oldu. Artıq Rusiya post-sovet məkanında hərbi güc işlədərək prosesləri öz xeyrinə dəyişə bilməyin mümkün olduğunu gördü. Və 14 il sonra rus tanklarının Kiyev qapılarında peyda olmasının səbəblərini heç şübhəsiz ki, Gürcüstan hadisələri ilə birbaşa əlaqələndirmək olar.

Həmin dövrdə başı 3 ay sonra keçiriləcək prezident seçkilərinə qarışan ABŞ elitası və Putinlə “bal ayı” yaşayan Merkel və Sarkozi Avropası Rusiyaya güzəştə getməkdən başqa ortaya ciddi bir yanaşma qoya bilmədi. Siyasət meydanında, xüsusilə Putin kimi “güc” paradiqmasını yaxşı anlayan siyasətçi qarşısında güzəştə getmək isə zəiflik əlamətidir. Haqsız da sayılmaz, rəqiblər əlləri yetərincə güclü olduğu regionda niyə güzəştə getsin ki? Güzəşt varsa, səbəbi zəiflikdir.

Təbii ki, buradakı məqsədim Qərb səhv etdi ya etmədi kimi tənqidi fikirlər paylaşmaq deyil. Hər dövlət taktiki təfəkkürlə özünə daha az zərər vuracaq yolu seçərək davam etdi. Ancaq zaman bir daha göstərdi ki, günübirlik siyasi yanaşma, “realpolitik” qısa periodda əlverişli görsənsə də, uzun perspektivdə ilk mərhələdə qaçmaq istədiyin zərərlərdən daha ağır bədəllərə gətirib çıxara bilir. Necə ki, Gürcüstan prosesi qartopu kimi böyüyərək çox geniş kontekstdəki geosiyasi toqquşmaya çevrildi və 5 günlük kiçik Gürcüstan müharibəsi 14 il sonra 6 ayını dolduran böyük Ukrayna müharibəsinə təkamül etdi. Qərb, xüsusilə Avropa isə bəlkə də vaxtında müəyyən itkilərlə cilovlaya biləcəyi Rusiyanı, indi çox böyük bədəllər ödəməklə belə cilovlaya bilmir.

@serqebaxis