Get Mystery Box with random crypto!

Bu gün Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfrasında | Şərqə Baxış

Bu gün Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfrasında çıxış edən Putin deyib ki, Rusiya bütün xalqların haqlarının və sivilizasiya müxtəlifliyinin təmin olunduğu daha demokratik dünyanın qorunması üçün addımlar atacaq.

Təbii ki, Putinin nəzərdə tutduğu demokratiya bildiyimiz demokratiya deyil. Putin ABŞ-ın beynəlxalq sistemdəki hegemoniyasını, yəni, təkqütblülüyü dikta rejimi kimi təsvir edərək çoxqütblü modelə keçidi demokratiya kimi təqdim etməyə çalışır. Yəni, beynəlxalq sistem müstəvisində demokratiyaya eyham vurur. Lakin bunun da demokratiya ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Çoxqütblü dünya demokratiya yox, “oliqarxiya” yəni, az sayda olan güclü ölkələrin idarəetməsini vəd edə bilər: çoxluğun haqqının yox, bir ovuc güclünün haqqının təmin olunduğu bir sistem.

Aydındır ki, Rusiya regionlar üzrə nüfuz bölgələrinin bölünməsini istəyir. Moskva Sovet İttifaqının çöküşündən sonra nəzarətindən çıxan regionlarda dominantlığını yenidən bərpa arzusundadır. Yəni, dava yorğan davasıdır, başqalarının da haqqının təmin olunması davası yox.

Beynəlxalq nizamdan narazı olan Putinin demək olar ki, çıxışlarında BMT və Təhlükəsizlik Şurasına tam sadiq olduqlarını vurğulaması da diqqət çəkir. Təbii ki, Təhlükəsizlik Şurasının veto hüquqlu 5 daimi üzvündən biri olan Rusiyanın bu mexanizmdən narazı olmaq üçün hansısa səbəbi çətin ki, olsun. Putin sanki “biz BMT-dəki bölgüdən razıyıq, bizim payımızı verin susaq, yoxsa problem çıxararıq” təfəkküründədir.

Yeri gəmişkən, ABŞ, Rusiya, Çin, Britaniya və Fransanın xüsusi statusla yer aldığı BMT Təhlükəsizlik Şurasını da “oliqarxiya sistemi” hesab etmək olar. Təhlükəsizlik Şurasını Corc Ourellin məşhur sözləri ilə daha dolğun təsvir etmək olar:

“bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar digərlərinə görə daha bərabərdir.”

@serqebaxis