Get Mystery Box with random crypto!

Yay ərəfəsində Türkiyə və Misir arasında yeni dövrün başlanmas | Şərqə Baxış

Yay ərəfəsində Türkiyə və Misir arasında yeni dövrün başlanması gözlənilir. Gələn həftə Türk heyətinin Qahirəyə səfər edəcəyi məlumdur. Lakin əsas bomba xəbər, yaxın vaxtlarda tərəflərin prezidentlər səviyyəsində görüşünün olacağı barədə məlumatdır.

Ümumiyyətlə, tarixi və mədəni cəhətdən biri-birinə bu qədər yaxın iki ölkə arasında düşmənçilik çox əcaib görsənirdi, bu barədə daha əvvəl də müzakirə aparmışdıq.

Misir həqiqətən də Türkiyə və xüsusilə, Ərdoğanın siyasi karyerası üçün qırılma nöqtəsini təşkil edir. Çünki, Qahirə geostrateji cəhətdən çox önəmli bir parça idi. Əgər, Ərdoğanın dəstəklədiyi Mursi hakimiyyətdə qalsaydı, hazırda Şərqi Aralıqda tamamilə fərqli, Türkiyənin gözləntilərinə uyğun bir mənzərənin şahidi idik. Eyni zamanda Misir həm də Ərdoğanın izlədiyi neo-Osmanlı xarici siyasətinin mərkəzində yerləşirdi. Misirin əldən çıxması Liviya başda olmaqla bir çox ciddi problemi ortaya çıxardı.

Lakin, bəzən illuziyalarla yaşamağa da ehtiyac yoxdur. Misir Türkiyənin təkbaşına yeyəbiləcəyi bir “loxma” deyildi. Qərb və Körfəz ölkələrinin tez-tələsik əl-Sisini hərbi çevrilişlə hakimiyyətə gətirməsi bunu sübut etdi.

Yadımdadır, həmin dövrdə Obamanın Misirdə baş verənləri “hərbi çevriliş” adlandırmasına ümid edilirdi. Bu çox önəmli idi. Çünki, ABŞ qanunlarına görə “hərbi çevriliş” rejimi ilə diplomatik münasibət qurula və maddi yardım edilə bilməz. Lakin, Obama ABŞ ədalətinin əsl simasını göstərdi və hərbi çevriliş sözündən istifadə etmədi və bu da Türkiyə-ABŞ arasında qopuqluğun ən şiddətli təkanlarından biri oldu.

Əslində burada bir tənqid də “Müsəlman Qardaşları”nın payına düşür. Təşkilat Sisi rejiminə qarşı lazımi dirənişi göstərə bilmədi. Bir çox liderləri Türkiyə sürgünündə xəbər saytı açıb Sisini tənqid etməkdən daha başqa bir metod ortaya qoya bilmədi. Həmin şəxslər Türkiyə rəhbərliyinə təşkilatın vazkeçilməz olduğunu göstərə bilmədilər və hazırkı mərhələdə imtina edilirlər və prosesin əsas məğlubuna çevrilməkdədirlər.

Müsəlman Qardaşları mərkəzli kursdan imtina edilməsi Türkiyə xarici siyasətində yeni dövrü işarə edir. Bununla belə, unutmaq lazım deyil ki, istənilən şəxs, istənilən təşkilat dövlətin milli maraqlarından öndə deyil və lazım gəldikdə qurban verilməlidir. Fikrimcə, nəyin bahasına olursa olsun, Türkiyə son illərdə üzləşdiyi diplomatik yalnızlıqdan qurtulmalı, ənənəvi dostlarla barışmalı və yeni siyasi kurs mənimsəlidir.