Get Mystery Box with random crypto!

#Tarixidəyişənsuiqəsdlər Atatürkə qarşı planlanan İzmir sui-q | Şərqə Baxış

#Tarixidəyişənsuiqəsdlər

Atatürkə qarşı planlanan İzmir sui-qəsdi Cümhuriyyət tarixinin ən önəmli siyasi hadisələrindən biridir. Sui-qəsd planına əsasən, Atatürk 1926-cı ilin 14 iyununda İzmir səfərində öldürülməli idi. Çox yaxşı hazırlanmış plan, dəstə üzvlərini sui-qəsdən sonra adalara qaçırtmalı olan qayıqçı Kritli Şevkinin panikaya düşüb, valiliyə məlumat verməsindən sonra ifşa olunub. Şevkinin panikaya düşməsinin səbəbi sui-qəsddən bir gün öncə qrup üzvlərindən birinin İstanbula getməsi olub. Qayıqçı dəstə üzvlərinin onu satacağını düşünüb və özü daha əvvəl davranmaq istəyib.

Sui-qəsdi təşkil edənlər arasında keçmiş nazirlər, millət vəkilləri və bir sıra vəzifəli şəxslər olub. Həmin şəxslərin demək olar ki, hamısı İttihat ve Terakki Cəmiyyətinin (İTC) üzvləri olub. Ümumiyyətlə, Atatürk və ittihatçıların ulduzu heç vaxt barışmayıb və Atatürk onları həmişə təhdid kimi görüb. İttihatçılar da Atatürkü aradan götürmək və təqiblərdən qurtulmaq üçün sui-qəsd planı hazırlamışdı.

Sui-qəsdlə bağlı iki məhkəmə prosesi keçirilir. Biri İzmirdə, digəri Ankarada. Qeyd etmək lazımdır ki, Atatürk bu sui-qəsdən istifadə edərək, problemli müxalif olaraq gördüyü digər şəxsləri də sıradan çıxarıb. Burada ilk müxalifət partiyası olan Terakkiperver Cumhuriyyet Firqəsinin keçmiş üzvləri xüsusilə qeyd olunmalıdır. İzmir məhkəmələri hadisə ilə bağlı olsa da, Ankara məhkəməsi əsasən siyasi məqsədlər üçün istifadə olunub. İzmirdə 15 nəfər, Ankarada isə 4 nəfər edam cəzasına məhkum olunub. Ankaradakı edamların içində xüsusilə, ittihatçıların maliyyə naziri Mehmed Cavid bəyin sui-qəsdlə əlaqəsinin olmadığı və siyasi səbəblərə görə edama məhkum edildiyi bildirilir.

Digər maraqlı məqam, Qurtuluş müharibəsi qəhrəmanı bəzi generalların da sui-qəsdlə ittiham edilməsidir. Burada xüsusilə Kazım Karabekir paşanın məhkəməyə cəlb edilməsi önə çıxır. Düzdür, həm Karabekir paşa, həm də digərləri bəraət alır, lakin cəmi bir il sonra həmin paşalar təqaüdə göndərilir və neytrallaşdırılır.

Atatürk barədə ən çox heyranlıq duyduğum faktlardan biri onun həm çox yüksək səviyyəli əsgər olması, həm də çox yaxşı siyasətçi olmasıdır. Adətən yaxşı əsgərlərin böyük əksəriyyəti siyasətin incəliklərini bacarmır. Lakin, Atatürk həm hərb sənətinin, həm də siyasətin incəliklərinə yaxşı bələd idi.

Mövzu ilə bağlı çox yaxşı qaynaq kimi Uğur Mumcunun “Gazi Paşa’ya suikast” kitabını tövsiyə edərdim. Ümumiyyətlə Mumcu jurnalistikası tamamilə başqa ekoldur, cəsarətli və savadlı jurnalistikanın zirvəsidir. Adı qeyd edilən əsər də roman tərzində, arxiv sənədləri əsasında yazılıb. Oxumağa dəyər.