Get Mystery Box with random crypto!

Bu gün Qırğızıstan və Tacikistan arasında sərhəd toqquşmasının | Şərqə Baxış

Bu gün Qırğızıstan və Tacikistan arasında sərhəd toqquşmasının şahidi olduq. Oxuduğumuz qədərilə münaqişənin başlıca səbəblərindən biri su infrastrukturuna nəzarət edilməsi olub.

Bir zamanlar şübhə ilə yanaşılan "su münaqişələri dövrü" yavaş-yavaş gerçəkləşməyə başlayır. Bu istiqamətdə hələ ki, ən böyük təhlükə Misir-Sudan və Efiopiya arasında təxminən 300 milyon insanın yaşadığı ərazilərdəki Nil çayının suyu uğrunda mübarizədir ki, bir çoxları orada isti toqquşmanın qaçınılmaz olduğunu düşünür. Eləcə də, son dövrlərdə Krımda da su məsələsinin yeni müharibəyə səbəb olacağı ilə bağlı fikirlər səsləndirilirdi.

Su ehtiyatlarının gələcəyi ilə bağlı müxtəlif təxminlərə baxdım. Ədəbiyyatda su ehtiyatların su ehtiyacını ödəməməsi vəziyyəti "water stress", yəni su stresi adlandırılır. Azərbaycanın su stresi vəziyyəti ilə bağlı fərqli nəticələr qarşıma çıxdı. Nikbin versiyalar olsa da, bir çox proqnozlar Azərbaycanı orta təhlükəli kateqoriyaya daxil edir. Bəziləri isə vəziyyətimizi kəskin təhlükəli kimi göstərir. Əslində, elə özümüz də son illərdə çaylarımızdakı quraqlıqlara şahidlik edirik. Bu problemin qarşısı mütləq şəkildə alınmalıdır. Bu məsələ kağız üzərində statistik məlumatlarla yox, effektiv praktiki addımlarla həll edilməlidir.

Bir digər məsələ, qonşularla bağlıdır. Qonşularımız İran və Türkiyənin də su ehtiyatları ilə bağlı ciddi problemlərinin olduğu görünür. Bu da regionun təhlükəsizliyinə potensial təhdidlərdəndir. Nəzərə almaq lazımdır ki, su digər qaynaqlardan fərqli olaraq həyati ehtiyacdır, su qıtlığı zamanı qonşuluğun, tanışlığın, qardaşlığın heç bir əhəmiyyəti qalmır.