Get Mystery Box with random crypto!

Taliban və Əfqan hökuməti arasında ötən il Dohada baş tutmuş u | Şərqə Baxış

Taliban və Əfqan hökuməti arasında ötən il Dohada baş tutmuş uzun danışıqlar prosesini izləyən bir xanım jurnalist maraqlı bir detala toxunmuşdu.
(Təəssüf ki, hələlik mənbəni tapa bilmədim).

Jurnalist yazırdı ki, Talibanın gənc üzvləri yaşlı üzvlərdən fərqli olaraq sosial mediada aktivdir, dünyada baş verənlərdən xəbərdardılar, bir sözlə zəmanəyə uyğunlaşırlar. Ona görə də, jurnalist ümid edir ki, Talibanın yaşlı və güclü idarəçiləri getsə, yeni gələn nəsil qadın haqları, etnik-dini azlıqlara qarşı repressiya məsələlərində daha mülayim və anlayışlı olacaqlar.

Mən isə bu barədə çox da ümidli deyiləm. Düzdür, nəsillər arası fərqin olması təbii prosesdir. Bu, bütün quruluşlarda belədir. Atalar və oğullar məsələsi. Ancaq yeni nəsil mütləq şəkildə əvvəlkindən daha mülayim olacaq deyə bir qayda yoxdur. Ola da bilər, olmaya da.

Məsələn, dünya tarixinin ən qəddar “oğulları” elə XX əsrdəndir, XIX əsrin “ataları” onların yanında toya getməlidir. Daha yaxın örnək olaraq, əl-Qaidədən ayrılan yeni nəsil cihadçıların daha radikal İŞİD-ə çevrilməsini göstərmək olar. Bir sözlə bəzən “gələn gedənə rəhmət oxudur”.

Fikrimcə, nəsillər arasında fərqi dünyanı yaxşı bilməkdən, görüb-götürməkdən, təcrübədən daha çox “situasiya” müəyyən edir. Situasiya bir nəsli qəddarlaşdıra və ya əksinə, mülayimləşdirə bilər. Ona görə də, məncə, yeni nəsil Talibanın necə davranacağını və hansı tərzdə idarəçilik mənimsəyəcəyini Əfqanıstandakı sosial, siyasi və hərbi vəziyyət müəyyən edəcək.