Get Mystery Box with random crypto!

Suriya prezidenti Bəşər Əsəd bayram namazını Dəməşqdə yerləşən | Şərqə Baxış

Suriya prezidenti Bəşər Əsəd bayram namazını Dəməşqdə yerləşən və İslamın ən müqəddəs yerlərindən biri olan Əməvi məscidində qılıb. Bəşərin uləma ilə birlikdə görünməsi bir məqamı xatırlatdı.

Əsədin atası, Hafiz Əsəd 1970-ci ildə çevrilişlə hakimiyyətə gələndən sonra həqiqətən də doğru siyasət izləyərək sünni əhali və sünni uləma ilə yaxşı keçinməyə çalışdı. Əsəd ailəsi Suriyada dini azlıq olan (10-11%) ələvi idi və hakimiyyətdə qala bilmək üçün həmin dövrdə ölkə əhalisinin 55-60%-ni təşkil edən sünnilərin könlünü almağa məcbur idi. Hafiz, ələvi olmasına baxmayaraq, sünni məscidlərinə cümə namazlarına da gedirdi.

Hafiz Əsəd həm də BƏƏS ideologiyasından gəlirdi. Bəəsçilərin iqtisadi baxışı sosializmə yaxındır və Əsəddən əvvəl hakimiyyətdəki bəəsçilərin bir çoxu özəl mülkiyyətə də qarşı idi. Hafiz Əsəd isə fərqli yol izlədi və özəl sektora çox geniş imkanlar yaratdı, azad bazar formalaşdırdı. Suriyada ticarəti əlində saxlayan sünnilər Əsədin gəlişi ilə xeyli zənginləşdi. Ona görə də, 70-lərin əvvələrində sünnilərin böyük əksəriyyəti Hafizin ələvi olduğunu əsas gətirərək, onu devirməyə çağırışlar edən daha sərt sünni təşkilat “İhvan”ı diqqətə almadı.

Ancaq, 70-lərin sonuna doğru Suriya ticarəti həm beynəlxalq iqtisadi vəziyyət, həm Əsəd ailəsinin və təhlükəsizlik aparatını əlində saxlayan ələvi elitasının korrupsiyası səbəbilə xeyli tənəzzül etmişdi. Təbii ki, bu da sünnilər arasında Əsəd hakimiyyətinə qarşı olan “İhvan”ın güclənməsinə səbəb oldu. Tezliklə, başqa səbəblər də ortaya çıxdı və nəticədə “Həma qətliamı” ilə bitən sünni üsyanı baş verdi. Müxtəlif məlumatlara görə, üsyanda 5000-40000 arası insan həyatını itirdi.

Maraqlıdır ki, Bəşər də 2001-ci ildə hakimiyyətə keçən kimi atası Hafizin yolu ilə getdi və sünni ticarətçiləri varlandırdı. Lakin, o da eyni aqibətlə üzləşdi. 2006-cı ildən etibarən ölkədə şiddətli quraqlıq başlaması, 2008 Dünya İqtisadi böhranı səbəbilə ölkədəki sünni ticarət sinifi yenə tənəzzül etdi. Buna görə də, Bəşərlə sünnilər arasında qopuqluq yarandı və “İhvan” yenə səhnəyə çıxdı.