Get Mystery Box with random crypto!

Myanma, Kipr, Əfqanıstan-Pakistan, Hindistan-Pakistan, Çin-Hin | Şərqə Baxış

Myanma, Kipr, Əfqanıstan-Pakistan, Hindistan-Pakistan, Çin-Hindistan, İsrail-Fələstin.

Müasir çağın ən qaynar münaqişələrinin böyük əksəriyyətində Britaniyanın imzası var. (hələ, Cənub-Şərqi Asiya və Afrikadakı örnəkləri qeyd etmədim.)
Bir çox ekspertlər hesab edir ki, münaqişələrin səbəbləri arasında Britaniyanın müstəmləkə siyasət tərzinin müstəsna yeri olub. Həmin səbəblərin bəzilərinə yaxından baxaq.

Məlum olduğu kimi Britaniya müstəmləkələri iqtisadi cəhətdən digər Avropa müstəmləkələrindən daha inkişaf etmiş hesab olunurdu. Bunun səbəbi onunla əlaqələndirilir ki, Britaniya öz müstəmləkələrində resursların istismarını və ticarətini ən yüksək səviyyə gətirmək üçün çox dayanıqlı və effektiv siyasi-iqtisadi institutlar yaratmışdı.

Təbii ki, əsasən ticarət üçün qurulmuş bu institutlar həm də həmin ərazini idarə edən və burada yaşayan çox xırda elitanın siyasi-hərbi idarəçiliyini də təmin etməliydi.

Britaniya müstəmləkələrini iki yerə ayıra bilərik:

1. britaniyalıların (briton) kütləvi şəkildə gedib yaşadığı Avstraliya, Yeni Zelandiya kimi örnəklər.

2. Azsaylı britonun yaşadığı digər ərazilər.

Briton çoxdursa, onsuzsa idarəetmə üçün problem yox idi. Bəs azsaylı britonun yaşadığı yerlər necə idarə olunmalı idi ki, müstəmləkə olaraq qalsın? Təbii ki, “parçala və idarə et” prinsipi. Britaniya bu prinsipi ən ustalıqla idarə edən kolonial güc idi. Müstəmləkələrdə yaşayan tayfalar, qəbilələr, icmalar milli və dini mənsubluqlarına görə üz-üzə qoyulurdu və situasiyaya görə bu və ya digəri dəstəklənirdi.

Ona görə də, Britaniya həmin ərazilərdən çıxdıqdan sonra milli və dini kimliklərə görə ayrılmış qrupların biri-birinə qarşı ədavəti davam etdi və tezliklə bir çoxu münaqişələrə çevrildi. Təsadüfi deyil ki, həmin münaqişələrin bir çoxu özünü ölkədaxili, yəni vətəndaş müharibəsi kimi göstərdi. Vətəndaş müharibələri də həmin yerlərdə mili-dini kimliklərə görə parçalanmış ölkələr yaratdı. Bu parçalanmaya baxmayaraq, bəzilərində münaqişələr hələ də davam edir.

Britonların az olduğu ölkələrin digər bir xüsusiyyəti o idi ki, bir çox vəzifələr Britaniya “təhsilli” yerli elitalara tapşırılırdı. Bu səbəbdən, Britaniya həmin ölkələrdən de-yura çıxdıqdan sonra idarəçilik asanlıqla həmin yerli elitalara ötürüldü. Bu da Britaniya çıxsa da, “kölgəsi”nin o ölkələrdə davam etməsinə imkan yaratdı. Bir çox Afrika dövlətini və Körfəz monarxiyalarını bu qrupa örnək vermək olar.