Get Mystery Box with random crypto!

Türkiyə siyasətində baş verənləri bir çoxumuz izləyirik. Dövlə | Şərqə Baxış

Türkiyə siyasətində baş verənləri bir çoxumuz izləyirik. Dövlət-mafiya əlaqələri ilə bağlı yeni skandalı izləyirik.

Türkiyənin ən köklü siyasət fakültəsinin bakalavr məzunuyam, bir müddətdir ki, Türkiyə siyasəti araşdırmaçısı kimi işləyirəm. Yəni, ixtisasım budur. Bununla belə, həmişə Türkiyə siyasəti barədə nəsə fikir bildirməyə çəkinirəm. Çünki, proqnoz vermək çox çətindir. Bu gün ekranlarda biri-birinə ən ağır sözlər deyən Soylu-Peker cütlüyünü gələcəkdə bir partiya sıralarında çiyin-çiyinə görsəm təəccüblənmərəm, məsləhətdir ki, siz də təəccüblənməyin. Məsələn kim deyərdi ki, Meral Akşenerlə Dövlət Bahçeli biri-birinin ən ağır düşməni olacaq? Və ya Ərdoğan-Bahçeli tandeminin keçmişi və bugünü.

Ümumiyyətlə, Türkiyə siyasi tarixində saysız-hesabsız skandallar olub, mütləq əksəriyyəti də bir müddət sonra unudulur. Kürd açılımı, 17-25 dekabr prosesi, Arınç suiqəsdi-kozmik oda skandalı, Susurluk, Yetmez ama evet 2010 referendumu. Say-say bitməz.

Baş verənlərin real siyasi qarşılığı olacaqmı? Onu demək çətindir. Ancaq, Türkiyə ictimai rəyi uzun müddətdir ki, ya neytrallaşdırılıb, ya da media tərəfindən manipulyasiya edilib. Sanki, bu skandal da Kabinet dəyişikliyi ilə yola verilə bilər. Soylu Ərdoğan sonrası namizədlərdən biri idi. Hazırda onun şanslarının əridilməsinə şahidlik edirik.

Bəs seçkilərdə nəsə təsiri olacaq mı? Düşünmürəm. Çünki Türkiyə seçiciləri üçün rasional seçki nəzəriyyəsi fərqli işləyir. Türkiyədə seçicilərin mütləq çoxluğu ailədən gələn davranışlar sərgiləyirlər. Ailəsi sağcıdırsa sağcıya, atatürkçüdürsə atatürkçüyə, solçudursa solçuya. “Mənim partiyam yanlış edirsə, o birinə səs verim” məsələsi yoxdur. İnciyibsə, ən uzağı səsverməyə getmir. Bunlara “çekirdek seçmen” deyilir. Bir də, azsayda olan lakin seçkilərin taleyini həll edən neytrallar var. Onların böyük çoxluğu da iqtisadi mənfəət əldə etdikləri partiyaya səs verir, yəni əsasən iqtidardakı partiyaya yönəlirlər.

AKP-nin çekirdek seçmeni Ərdoğandan başqa namizədə səs verən deyil, versələr belə həmin namizəd mütləq sağcı olmalıdır. Məsələn, Süleyman Soylu kimi sağcı seçicilərə oynayan birinin AKP-dən aralanıb ayrıca namizəd olması, ayrı partiya qurması böyük təhlükə idi. Ona görə uzaqlaşdırıla bilmirdilər və ya istəmirdilər. Ancaq, son skandaldan sonra bu ehtimalın tamamilə ortadan qalxdığını deyə bilərik.