Get Mystery Box with random crypto!

BMT Təhlükəsizlik Şurası demək olar ki, effektsiz vəziyyətdədi | Şərqə Baxış

BMT Təhlükəsizlik Şurası demək olar ki, effektsiz vəziyyətdədir. İkinci Dünya Müharibəsinin qalib dövlətləri və Şuranın daimi üzvləri Rusiya, ABŞ, Fransa, Çin və Britaniya arasında qurulan balans münaqişələri həll etmək bir yana, hətta atəşkəs yaratmaqda belə effektsizdir.

ABŞ son bir həftədə İsrail-Fələstin arasında atəşkəslə bağlı şuranın 3 sənədini veto edib. ABŞ İsraili, Rusiya Suriyanı, Çin də Myanmanı qoruyur. Yəni, Şurada “adam”ın varsa, nə istəyirsən eləyə bilərsən. Lap olmasa belə, guya qətnamə çıxanda sayan olur ki? BMT sədrləri də bir söz öyrəniblər, hər söhbətə onu deyirlər, öz müddətlərini də elə bu sözlə yola verirlər: “Deeply concerned” (çox narahatıq)

Təhlükəsizlik Şurasının formatını dəyişməklə bağlı müxtəlif təkliflər var. Yaponiya, Braziliya, Hindistan və Almaniyadan ibarət G4 ölkələri daimi üzv olmaq istəyirlər. Daimi üzv sayının artırılmasına qarşı olan, lakin, Şuranın işləmə mexanizmində reform istəyən Türkiyə, İtaliya, Pakistan, Misir kimi ölkələrin yer aldığı “Kofe Klubu” da var.

Bir də son illərdə Ərdoğanın daimi üzvlərin veto hüququnu tənqid etmək məqsədilə səsləndirdiyi “Dünya 5-dən böyükdür” şüarı var. Bu söz xeyli, məşhurlaşıb. Məncə, həm böyükdür, həm böyük deyil. Yəni, ABŞ, Çin, Rusiya üçlükdə hərtərəfli (siyasi, hərbi, iqtisadi) olaraq dünyanın geri qalanından daha böyükdür.

Məsələn, ABŞ-ın veto haqqını əlindən alsan, təşkilatdan çıxacaq. ABŞ-sız həmin Şuranın hansısa dünya səviyyəli məsələni həll etməsi mümkün deyil. Məncə də ABŞ bu məsələdə haqlıdır. ABŞ-ın, Çinin hüquqi gücünün, səsinin önəminin Malta, Madaqaskar kimi hansısa ölkə ilə eyni olması absurddur. Fərqlənməlidir.

Düzdür, Təhlükəsizlik Şurası dünya problemləri ilə bağlı öz funksionallığını yavaş-yavaş itirsə də, hələ ki, ən azından, dialoq masasıdır. Diplomatik yol olaraq qalması hələ ki, vacibdir. Ən əsası, Şura daimi üzvlərin öz aralarındakı münaqişələrini önləyə bilir. Fikrimcə, yeni sistemin qurulması sadəcə daimi üzvlərin öz aralarındakı münaqişəsi səbəbilə baş verə bilər.