Get Mystery Box with random crypto!

Cəmiyyətimizdə Ərəb düşmənçiliyinin bu qədər ağuşa çıxdığını g | Şərqə Baxış

Cəmiyyətimizdə Ərəb düşmənçiliyinin bu qədər ağuşa çıxdığını görmək həqiqətən təəssüf doğurur.

Yəqin ki, burada başlıca səbəb ərəb turistlərin ölkəmizə kütləvi axını zamanı böyük əksəriyyətinin tərbiyəsiz hərəkətləri oldu. Demək olar ki, ərəb turistlər cəmiyyətin bütün təbəqələri ilə kontaktda oldu və böyük əksəriyyətində çox mənfi iz qoydular. (düzünü desək, bizim də bir çox işbazlarımız həmin turistlərdə müsbət iz qoymayıb). Bundan əlavə, ərəb dünyasındakı mənasız qanlı dini, siyasi çaxnaşmalar da cəmiyyətimizdə ərəb düşmənçiliyini artırıb.

Ancaq istənilən halda, “ərəblər yox olsun”, “iyrəncdirlər qırılsınlar” səviyyəsində nifrət bəsləmək də normal yanaşma deyil. İndividual olaraq əxlaqi, insani, dini baxımdan doğru deyil. Heç bir prizmadan doğru deyil. Kütlə olaraq da nifrət bəsləmək çox təhlükəli bir şeydir, bu nifrət başqaları tərəfindən asanlıqla manipulyasiya edilə bilər, ona görə nə qədər çox nifrətimiz varsa, o qədər çox zəifliyimiz var deməkdir. Nəysə.

Kütlələrdən belə çağırışları bəlkə anlamaq olar, onlara bunun doğru olmadığını izah etməyə çalışmaq lazımdır.

Bir də görürsən hansısa intellektual insan çıxır deyir ki, bütün ərəblərin zəkasını yəhudi filankəsə dəyişmərəm. O biri də guya düzəltmək istəyir, cavab verir ki, sən düz demirsən ərəblərdən də filan zəkalı insanlar çıxıb.

Etnik qrupların biri-birindən genetik olaraq zəkalı olduğunu iddia etmək gülüncdür. Bəzi insanlar digərlərindən daha zəkalı ola bilər, ancaq bu fərq fərdidir. Çünki zəka da fərdidir. Kütlələrdə zəka olmur. Eyni etnikdən ağıllı da çıxır, ağılsız da. Yaxşı elm, yaxşı savad doğru seçilmiş təhsil yolu ilə olur. Yaxşı təhsil sistemi olan ölkələr də daha çox sayda savadlı insan yetişdirir. Bunu etniklə əlaqələndirərək ərəb düşmənçiliyini buradan irəlilətməyə çalışmaq düzgün deyil.