Get Mystery Box with random crypto!

'İndulgensiyalar Türklərə qarşı Avropanın yeganə sipəri Venes | Şərqə Baxış

"İndulgensiyalar

Türklərə qarşı Avropanın yeganə sipəri Venesiya idi. Yüz yerdən didiklənmiş və yontulmuş bu sipər, Yunanıstandakı bir neçə şəhərlə, Krit, Kipr və Dalmaçiyanı əlində saxlamaqla mübarizə aparırdı. Türklərlə münasibətləri heç də hər zaman münaqişəli deyildi və müharibələrdə itirdiklərindən daha çoxunu onlarla etdiyi ticarətdən qazanırdı.

O dövrdə Papa X Leonun böyük bir arzusu vardı. Romada pentur memarlığının zərif örnəyi olan, yenidən qurulması II Yuli dövründə başlanan, Müqəddəs Pyotr bazilikasını, Ayasofyadan daha üstün, hətta dünyanın ən gözəl məbədi olaraq tamamlamaq istəyirdi. Lakin dünya metropoluna belə bənzərsiz bir şah əsər vermək üçün külli miqdarda vəsait lazım idi. Bütün xristianların belə bir investisiyaya qatılması mütləq idi. Fəqət bu cür infrastruktur işlərinə sərf olunacaq vəsait ancaq zorakılıq və ya hiyləgərliklə təmin oluna bilərdi.

Papa türklərə müharibə elan etmək bəhanəsi ilə bütün xristian ölkələrində hərfi mənası “göz yummaq” olan “indulgensiyalar” çıxardıb satmağa başladı. Deyilirdi ki, bunları alanlar istər özlərini, istər qohumları və dostlarını cəhənnəm əzabından qurtaracaqlar. Bu satışların coşqu ilə qarşılanması o dövrün təfəkkürünün örnəyidir. Buna kimsə təəccüblənmədi. Hər yerdə satış kassaları açıldı. Ən çox satış pivəxanalarda oldu. Kahinlər, fermerlər, kassirlər pul qazanırdılar. Papa öz payına düşən gəlirin bir hissəsini bacısına verdi. Buna da etiraz edən olmadı.

Kahinlərin bazarlarda: “Bu indulgensiyalardan alanlara, Həzrəti Məryəmin namusuna belə toxunsalar yenə də cəza verilməyəcək”, – deyə bağırtılarına xalq dindarcasına qulaq asırdı.

Lakin Almaniyadakı Avqustin rahibləri yaxşı sata bilmədikləri üçün bu sənədlərin əleyhinə kampaniyaya başladılar. Bir dəmirçinin oğlu olan Martin Lüter adlı Avqustin keşişi bu üsyana liderlik etdi. Böyüklərindən aldığı əmirlərlə indulgensiyaları qaralama təbliğatına başladı. Bunları xristianlara satanların səlahiyyətlərini araşdırmağa başladı. Beləcə, məsələnin üstü açıldı. Həyəcanlanan xalq o zamana qədər sitayiş etdiyi Papanı ittiham etməyə başladı.

Keşişlər arasındakı bu mənfəət münaqişəsi, otuz millət arasında yüz ildən çox davam edən yoxsulluq, çəkişmə və fəlakətin əsas səbəbi oldu."

Volter

(Rəsm müəllifi: Granger)