Get Mystery Box with random crypto!

Hazırda oxuduğum “Əl-Zərqavi - Əl Qaidənin ikinci nəsli” kitab | Şərqə Baxış

Hazırda oxuduğum “Əl-Zərqavi - Əl Qaidənin ikinci nəsli” kitabı 1995-2005-ci illər arası cihadçılıq şəbəkəsinin çox yaxşı analizini verilir.

Kitabın yazarı, jurnalist Fuad Hüseyn 90-cı illərin sonunda İordaniyanın baş nazirini tənqid edən yazılar yazdığı üçün həbs edilərək, Sivaka həbsxanasına göndərilir. Fuad həbsxanada Əbu Musab Əl-Zərqavi və Əbu Məhəmməd əl-Maqdisinin də üzvü olduğu “Təvhid Camaatı” adlı cihadçı qrup ilə qonşu kameraya salınır. Həbsxanada hər kəsin ehtiyat etdiyi cihadçı qrupu ziyarət edib, çaylarını içir, onlarla söhbətləşir. Və kitabı yazmasının əsas motivasiyası da beləcə başlayır.

Açığını desəm, Kitabı çox bəyəndim. Hələ ki, ortalardayam. Yazar Zərqavinin uşaqlıq illərindən tutmuş dünyanın ən çox axtarılan terrorçusuna çevrilinədək keçdiyi yolun sosial-psixoloji təhlil edərək, cihadçı liderin portretini təqdim etməyə çalışır. Eləcə də, yazar, sələfi əqidə, vəhhabi hərəkat, təvhid barədə geniş məlumat verir.

Fuad Hüseyn cihadçı şəbəkədə çox tanınmış və Zərqaviyə çox yaxın olan şəxslərə: əl-Maqdisi, Əbu Müntəsir və ən önəmlisi Əl Qaidənin 3 nömrəsi Seyfül Adelə Zərkavi haqqında fikirləri barədə sorğu göndərir və hər üçündən də cavab ala bilir. Yazar da onların cavablarını olduğu kimi kitabda yayınlayıb. Kitabı ən unikal edən məqam məncə budur.

Həmin dövrdə İraqı işğal etməyə bəhanə uydurmağa çalışan ABŞ guya ki, Zərqavinin Əl Qaidə lideri Bin Ladin və Səddam Hüseyn arasında əlaqələndirici olduğu iddiası ilə çıxış edirdi. (Qeyd edim ki, hətta, dövlət katibi Kollin Pouel BMT TŞ-nın iclasındakı yalan dolu məlum çıxışında Zərkavinin adını 21 dəfə istifadə etsə də, sonralar həmin adı işlətdiyini xatırlamadığını demişdi.) Ona görə də, ABŞ siyasiləri və mediası Zərqavini bilərəkdən şişirdir, onun gerçəkdə olduğundan daha böyük göstərməyə çalışırdı. Yazar isə göstərir ki, Zərkavi İraqa cəmi bir neçə nəfərlə keçmişdi, qrupu çox balaca idi, ABŞ-ın təbliğatı onun qrupuna cihad axını yaratdı.

Digər tərəfdən, Səddamla nə Bin Ladenin, nə də Zərqavinin heç bir əlaqəsi yox idi. Hamısı uydurma idi. Onu da qeyd etmək lazımdır ki, İraqa keçdikdən sonra Zərqavi sərbəst hərəkət edirdi, nə Bin Ladenə, nə də başqasına tabe deyildi.