Get Mystery Box with random crypto!

Çinin iqtisadi sferada ABŞ-ı geridə qoyaraq ilk sıraya keçməsi | Şərqə Baxış

Çinin iqtisadi sferada ABŞ-ı geridə qoyaraq ilk sıraya keçməsinin Amerikan tərzi qlobal hegemoniyaya səbəb olmayacağı ilə bağlı fikirlərlə mən də razıyam. Düzdür, ABŞ-ın qlobal hegemonluğu da Çinin hazırda etdiyi kimi başqalarını borclandırması ilə başlamışdı. İkinci Dünya müharibəsi sonrası edilən Marşal yardımlarını nəzərdə tuturam.

Ancaq, italyan siyasətşünas Antonio Qramşi göstərir ki, hegemoniyalar təkcə zor gücü ilə yaranmır, dayanıqlı ola bilməsi üçün təsir altında olanların sənin gücünü könüllü qəbul etməsi də lazımdır. Yəni, mədəni hegemoniya olmalıdır. Belə ki, iqtidardakı qüvvə özünün hakimiyyətini qəbul etdirmək üçün yumşaq güc vasitələrindən istifadə eməlidir. Məsələn, Amerikan kinoları, musiqiləri, mediası, texnologiyaları, humanitar elmləri vasitəsilə ABŞ-ın dünyanın mərkəzi gücü olması barədə qəbullanış beyinlərə yeridilib.

Öz ölkəmizə fikir versək, artıq biz də hər tərəfdə Çin restoranı görməyə, Çin mətbəxini, mədəniyyətini tanımağa başlamışıq, yüzlərlə insan Çin dili kurslarına gedir. Çinin bu tərəfə yaxınlaşdığı yavaş-yavaş hiss olunur. Bununla belə, mədəni hegemoniya çərçivəsində Çinin ABŞ-a rəqib ola bilməsi real görünmür.

Amerikan mədəniyyəti yenidir, sadədir, sərbəstdir, tarixi yoxdur, ənənəsi yoxdur. Ona görə, həm Qərb insanı, həm də Şərq insanı asanlıqla bu mədəniyyətə adaptasiya ola bilir. Bir çoxları ömründə ABŞ-a getməsə də, öz ölkəsində Amerikan həyat tərzi sürə bilir. Çində isə tam əksidir, ayrı bir sivilizasiyadır, ənənəvi, tarixi və mürəkkəbdir. Ona görə də, Çin mədəniyyətinin populyarlaşsa da, qloballaşacağını düşünmək çətindir. Əslində mən, Çinin mədəni hegemoniya ambissiyasında olduğuna da inanmıram. Ümumiyyətlə, yayılmaçılıq, genişlənmə arzusu Çin tərzi imperializmin, sosial-mədəni qavrayışın spesifik xüsusiyyəti (ticarət istisna olmaqla) deyil.

Ona görə də, Çinin hegemoniyasının tamamilə fərqli stildə olacağını düşünürəm.