Get Mystery Box with random crypto!

Bir ay sonra Liviyada prezident seçkilərinin keçirilməsi planl | Şərqə Baxış

Bir ay sonra Liviyada prezident seçkilərinin keçirilməsi planlaşdırılır.

Prosesə yaxından baxdıqda seçkilərlə bağlı yeganə real olan məsələ elə planlaşdırılmadır. Qalan bütün detallar barədə hər kəllədən bir səs çıxır.

Bəziləri deyir ki, seçkilər təxirə salınsın, belə bir şəraitdə seçki keçirilməməlidir. O biri qisim deyir ki, bu vəziyyət heç vaxt bitməyəcək, ondansa indidən seçki edək bəlkə nəsə dəyişəcək.

Digər bir məsələ seçkilərin ümumxalq səsvermə olub-olmaması ilə bağlıdır. Tripoli hökumətinə yaxın qruplar şərqi Liviyadakı bütün seçki qutularının Xəlifə Həftər nəzarətində olduğunu və buradan ədalətli nəticə gözləmədiklərini iddia edirlər. Həftər cəbhəsi isə Tripolidə keçiriləcək darçərçivəli seçkinin islamçı siyasi qruplar tərəfindən saxtalaşdırılacağını iddia edir.

Prosesin ən qəribə hissəsi namizədlərlə bağlıdır. Belə bir razılıq əldə olunmuşdu ki, hansısa vəzifə tutan şəxslər prezidentliyə namizədliyini verə bilməsin. Parlamentin nümayəndələr palatasına nəzarət edən Xəlifə Həftər və Aqila Saleh ikilisi də yeni bir qanun çıxardaraq, namizədlik üçün vəzifədən istefa verənlərin seçilməyəcəyi təqdirdə yenidən əvvəlki vəzifələrinə geri qayıtmaqlarına imkan yaradıb. Beləliklə də, əgər Həftər və ya Salehdən biri seçkiləri qazansa üstünlük əldə edəcəklər, qazanmasa da heç nə itirməyəcəklər.

Bir illik keçid dövrü üçün baş nazir seçilən Əbdülhəmid Dibeybenin namizəd olmaması barədə əvvəlcədən razılıq olsa da, Dibeybe son anda “xalqın tələbini” nəzərə aldığını iddia edərək, namizədliyini irəli sürüb.

Digər bir namizəd də sabiq lider Müəmmar Qəddafini oğlu Seyf əl-İslam Qəddafidir. Onsuzda Qəddafi də yaşasaydı, özündən sonra böyük ehtimal elə Seyf yerinə keçəcəkdi. 10 illik vətəndaş müharibəsinin təzədən Seyfi hakimiyyətə gətirməsi də ayrı bir ironiya olardı. Ancaq, Qəddafinin namizədliyinin seçki komissiyası tərəfdən rədd edilməsi gözlənilir.

Bir sözlə, Liviyadakı seçkilər daxili aktorlar tərəfindən sözün əsl mənasında siyasi sirkə çevrilib. Xeyli sayda xarici gücün diqqət mərkəzində olan ölkədəki parçalı daxili və institusional strukturun vahid mərkəzdə birləşə bilməsi elə də real görünmür.

Təəssüf ki, Afrikanın ən zəngin neft yataqlarının yerləşdiyi ölkənin son 10 ildə 3-cü vətəndaş müharibəsinə doğru sürüklənməsi ehtimalı yüksəkdir.

@serqebaxis