Get Mystery Box with random crypto!

Bu gün Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü keçi | Şərqə Baxış

Bu gün Azərbaycan və İran prezidentlərinin Aşqabad görüşü keçirilib. Bu görüş Bakı və Tehran arasında son dövrlərdə müşahidə olunan soyuq müharibənin indiki mərhələdə geridə qaldığını göstərir.

Azərbaycan və İran arasında birdəfəlik həll olunması mümkün görünməyən, bir çoxumuzun agah olduğu bir sıra problemlər mövcuddur. Bu səbəbdən, tərəflərin biri-birinə qarşı dəyişməz “şübhəli” mövqeyi var. Ancaq, daha öncə də bir yazıda diqqət çəkməyə çalışmışdım, bütün fərqliliklərə baxmayaraq iki tərəfin də qazanclı çıxacağı iqtisadi və ticari kombinasiyalara imkan yaratmaq daha doğru yoldur. Qarşılıqlı iqtisadi və ticari asılılıqlar tərəflər arasında bir çox mübahisəli məsələlərin daha “münasib” və “sakit” tərzdə davam etdirilməsini labüd edir.

Əslində bugünkü görüşü münasibətlərin yeni mərhələsindən daha çox əvvəlki periodun bərpası kimi dəyərləndirərdim. Azərbaycan prezidenti bir çıxışında Ruhani dövründə İranla daha yaxşı yola getdiyimizə diqqət çəkərək, Rəisigilin aqressiv stilini üstüörtülü tənqid etmişdi. Həqiqətən də bəzi tənqidləri bir kənara qoysaq Ruhani hökumətinin “fərqliliklərə rəğmən qonşularla yaxşı münasibətlər” doktrinasının xüsusilə Azərbaycan-İran əlaqələri çərçivəsində xeyli effektiv olduğunu qeyd etmək lazımdır. Ona görə də son dövrlərdə baş verənlərin geniş mənzərəsini Rəisi komandasının Bakı ilə münasibətlərdə fərqli və daha aqressiv siyasi tərzinin uğursuz sınağından sonra “Ruhani xətti”nə qayıtması kimi təsvir edərdim. Ancaq onu da demək lazımdır ki, Tehranın yeni hökuməti həmin aqressiv sınaq dövründə ikitərəfli münasibətlərdə inamsız və skeptik mühiti daha da dərinləşdirdi.

Digər tərəfdən, bu gün Azərbaycan-İran-Türkmənistan arasında qaz ticarəti ilə bağlı yeni müqavilə də imzalandı. Məlum olduğu kimi Azərbaycanın diplomatik xəttinin onurğa sütununu üçtərəfli kombinasiyalar təşkil edir və Bakının özünü ən etibarlı tərəfdaş kimi göstərməyə çalışdığı və partnyorlarını da ən önəmli gördüyü kombinasiyalar məhz üçtərəfli olanlardır (üçtərəfli kombinasiyalarla bağlı Topçubaşov Mərkəzi olaraq bir yazı da paylaşmışdıq. Linki şərhlərdə). Daha əvvəl də Bakı Tehranla Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya-İran platformalarında yer almışdı. Bu baxımdan fikrimcə, bugünkü üçtərəfli müqavilə Bakının Tehranla münasibətlərin həm bərpa edilməsinə, həm də yeni müstəvilərə doğru genişləməsinə tam hazır olduğunu göstərir.

@serqebaxis