Get Mystery Box with random crypto!

Sabah Rusiya və ABŞ-ın baş diplomatlarının Stokholmda görüşü p | Şərqə Baxış

Sabah Rusiya və ABŞ-ın baş diplomatlarının Stokholmda görüşü planlaşdırılır. ABŞ dövlət katibinin bu görüşdən əvvəl Ukrayna xarici işlər naziri ilə görüşməsi gözlənilir.

70-80 ildir ki, bir çox münaqişələrin arxaplanındakı əsas oyunçular olan Moskva və Vaşinqton arasında bu müddətdə demək olar ki, birbaşa hərbi qarşıdurma olmayıb. “Soyuq Müharibə” dövründə ikili arasındakı məsələlər əsasən “üçüncü ölkələr”də həll olunurdu. Ən azından “böyük müharibə”nin önlənməsi baxımından “böhran menecmenti” ilə bağlı həmin ikili koordinasiyasının effektiv olduğunu deyə bilərik.

Arada istisnalar da var. Məsələn, 2018-ci ildə Suriyada baş vermiş “Qəşəm” döyüşü maraqlı örnək təşkil edir. Həmin insident zamanı Deyrizor şəhəri yaxınlığında ikitərəfli razılaşdırlmış dekonfliktasiya xəttini pozaraq neft yataqlarına doğru irəliləməyə çalışan Rusiyanın Vaqner muzdluları və iranlı milislərinin dəstəklədiyi Suriya ordusunu ABŞ qırıcıları bombalamışdı. Amerikanların aviazərbələri nəticəsində bəzi mənbələr 10, bəzi mənbələr isə 50-ə yaxın Vaqnerçinin öldürüldüyünü bildirirdi. Rus rəsmilər də prezident seçkiləri ərəfəsində baş vermiş insidentin nəticələrini gizlətməyə çalışırdılar.

Təbii ki, muzdlu döyüşçülərə müdaxilə etməyin reallıqları və nəticələri tam fərqlidir. Məsələ bu deyil. “Vaqner” qrupunun Kremldən yönləndirildiyini nəzərə alsaq, Qəşəmdə baş verənlər Vaşinqton-Moskva arasında koordinasiyasızlığın nəticələrinin hansı müstəviyə gələ biləcəyi ilə bağlı ipucu verir. Sonraki periodda Suriyada tərəflər arasında koordinasiya kanalları daha da artırıldı.

Dünən qarşıma çıxan bir yazıda müəlliflər ABŞ-Sovet arasındakı soyuq müharibədə böhran menecmenti ilə bağlı maraqlı nöqtəyə vurğu edilirdi. Bildirilir ki, çox ciddi böhranlar zamanı gərginliyin azaldılması üçün hər iki tərəf də biri-birinə maksimalist mövqedən “geri çəkilmə” üçün diplomatik manevr imkanı tanıyırdı. Burada Berlinin bölüşdürülməsi, Kubadakı raket böhranı örnəyi verilir. Təktərəfli geri çəkilmə isə demək olar ki, olmurdu. Fikrimcə, gücləri biri-birinə yaxın bir balansda sadəcə bir tərəfi güzəştə məcbur etmək müharibəyə aparıb çıxarardı.

Bütün bunları nəzərə aldıqda, sabahkı Lavrov-Blinken görüşü və yaxın vaxtlarda baş tutma ehtimalı olan ikinci Bayden-Putin görüşündə Ukraynadakı gərginliyi azaltmaq üçün tərəflərin qarşılıqlı manevr imkanı tanıyıb tanımaması önəmlidir. (iyunda baş tutan birinci görüşdə sanki qarşılıqlı güzəştlər qəbul edilmişdi).

Əslində onu deyim ki, geniş çərçivədən baxsaq Ukrayna barədə diplomatik masa qurulması hər iki tərəf üçün qazanc hesab oluna bilər. Ruslar Soyuq Müharibədə olduğu kimi ABŞ ilə böhran menecmenti edir, “Sovet İttifaqı” nostalgiyası yaşayır. ABŞ isə Sovet İttifaqı və Rusiya üçün ən önəmli ölkə olan Ukraynada söz sahibinə çevrilib. İki tərəfə də sərf edən belə bir masanı kim dağıtmaq istəyər ki?

@serqebaxis