Get Mystery Box with random crypto!

ABŞ-ın Yaxın Şərq geosiyasətində baş verə biləcək əsaslı dəyiş | Şərqə Baxış

ABŞ-ın Yaxın Şərq geosiyasətində baş verə biləcək əsaslı dəyişikliklər barədə xeyli fikirlər səsləndirilir.

Supergücün siyasətində dəyişikliklərin əsas səbəbi kimi ABŞ-ın gücünün zəifləməsi yox, təkqütblü dünyanın dəyişimini göstərmək olar. Təkqütblü sistemdə ABŞ regional ölkələri arasında qarşıdurmaları artıraraq (ya da yenilərini yaradaraq) öz mənfəətini və mövqelərini gücləndirirdi. Ölkələr ABŞ-ın oyununu oynamağa məcbur idi, çünki alternativ yox idi. Ancaq, indi yeni alternativlər yaranıb. Xüsusilə Rusiya və Çin. Təbii ki, məlum səbəblərə görə, Rusiyanın manevr imkanları müəyyən sahələrlə məhduddur. Ancaq, Çin çoxmüstəvili oyunçudur, istəyənə kredit verir, istəyənə yatırım edir, istəyənə də silah satır. Bu mənada Çin ABŞ-ın Yaxın Şərqdə daha kompleks siyasət yürütməsini labüd edir.

Bayden komandasının Yaxın Şərq və Afrika üzrə başlıca koordinatoru Brett McGurk ötən həftələrdəki açıqlamasında ölkəsinin Yaxın Şərqdə “təməl prinsiplərə qayıdış” siyasətinə keçid etdiyini demişdi. Detallarını açıqlamasa da, əslində bu, Çinin regionda aktivliyini artıracaq qarşıdurmalara ABŞ-ın yol verməməsi kimi dəyərləndirmək olar. Aydındır ki, ölkələr arasında konfliktlər Çin üçün Yaxın Şərqdə daha çox manevr imkanı yaradacaq. McGurkun önəmli bir sima olduğu, 4 prezidentlə işlədiyi barədə daha əvvəl yazmışdıq.

Başqa bir yazıda çox vacib bir məqam daha qarşımıza çıxır. Belə görünür ki, ABŞ-Çin arasında bu rəqabət təkcə “al gülüm, ver gülüm” prinsipində qalmayacaq. Məlum olduğu kimi, ABŞ və Britaniya Avstraliyanın Fransa ilə dizel yanacaqlı sualtı qayıq müqaviləsini ləğv etdirib, nüvə yanacaqlı sualtı müqaviləsi imzalamış və AUKUS paktı qurulmuşdu. Avstraliyanın silahlandırılması da məhz Çinə qarşıdır. Ekspertlər yazır ki, bundan sonra Çin də İranın nüvə proqramını daha simpatiya ilə yanaşmağa başlayıb. Beləliklə də, Çin 2015-ci ildə İranın nüvə silahı əldə etməsinə qarşı beynəlxalq təzyiq mexanizmasına qoşulsa da, hazırda Vyanada davam edən yeni nüvə danışıqlarında Pekin eyni mövqeni çətin ki göstərsin.

Buradan iki nəticə çıxarmaq olar. Yeni soyuq müharibə artıq nüvə məsələsinə sirayət etməyə başlayıb və başqa ölkələrin nüvələşməsinə qarşı vahid mövqedən çıxış edən “Nüvə klubu” ölkələrini parçalamağa başlayıb və yenidən “nüvə rəqabəti”nin qapısını aralayıb. Digər tərəfdən, böyük güclərin rəqabətində Avstraliya ilə bağlı məsələyə İranla bağlı məsələ ilə qarşılıq verilir. Bu da əslində ABŞ və Çin arasındakı rəqabətin regional çərçivədən çıxıb, qlobal çərçivəyə yayılmasını göstərir.

@serqebaxis