Get Mystery Box with random crypto!

Sabah Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik | Şərqə Baxış

Sabah Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli təhlükəsizlik müşaviri, ölkənin 2-ci ən önəmli fiquru sayılan Təhnun bin Zayedin İrana səfər edərək, Tehranda yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir.

Körfəzin və ümumilikdə Ərəb dünyasının ən aktiv ölkələrindən olan BƏƏ-nin bir müddətdir normallaşma prosesi yürütməsi müşahidə olunur. Əvvəlcə İsrail, daha sonra Qətər, Türkiyə, Suriya ilə buzları əridən Əbu-Dabi rəhbərliyinin növbəti dayanacağı İrandır. Təbii ki, BƏƏ-İran normallaşma prosesinin müsbət nəticələnməsi, həm də Yəmən münaqişəsində müharibə fazasının sonlanmasına təkan verə bilər.

BƏƏ-nin xarici siyasətdə “0 problem” modelinə keçməsi barədə müxtəlif mülahizələr var. Yeni nəqliyyat lahiyələri reallaşdırmaq, Körfəzə yönəlmiş sərmayə axışını stimullaşdırmaq, Əmirliklərin Körfəzin sərmayə mərkəzi rolunu gücləndirmək, ABŞ-ın Yaxın Şərqə marağının azalmasından sonrakı periodda ölkənin təhlükəsizliyini təminat altına almaq kimi səbəblər önə sürülə bilər.

Fikrimcə, burada başlıca bir səbəb də var. BƏƏ rəhbərliyi artıq “Ərəb Baharı” dövrünün bitdiyini, Körfəz monarxiyalarına təhlükə yaradan üsyançı qüvvələrin və “Müsəlman Qardaşları”nın tamamilə zəiflədiyini hesablayıb.

Məlum olduğu kimi, 2011-ci ildə “Müsəlman Qardaşları” əlaqəli Əl-İslah qrupunun ölkə rəhbərliyini reformlara çağırmasından sonra BƏƏ liderləri “Müsəlman Qardaşları” paranoyasına tutulmuşdu. 2013-cü ilin yayında 100-ə yaxın İslah üzvünü çevriliş cəhdində günahlandıraraq həbs edən BƏƏ rəhbərliyi, həmin hadisədən sonra daha şiddətli şəkildə həm Şimali Afrikada, həm də Körfəzdə “anti-Ərəb Baharı”, “anti-Müsəlman Qardaşları” fraksiyasına liderlik etməyə başlamışdı. Digər bir ifadə ilə BƏƏ Ərəb dünyasında 2010-dan sonra yeni yüksəlməyə çalışan siyasi elitalara qarşı statuskvonu, ənənəvi elitaları qorumaq mübarizəsinə girişmişdi.

Misirdə və Tunisdə Ərəb Baharı ilə gələn “Müsəlman Qardaşları” hökumətlərinin devrilməsi, Liviyada ölkə vahidliyinin parçalanması, Suriyada isə Əsədin öz iqtidarını qoruması Ərəb Baharı dalğasının geri çevrildiyini və ya çox böyük ölçüdə neytrallaşdırıldığını göstərir. Bu səbəbdən, artıq, BƏƏ rəhbərliyinin ənənəvi elitanın və statuskvonun davamlılığını təmin etdiyini düşündüyünü, buna görə də aqressiv regional siyasətə dəyişiklik edərək, uzlaşma yönümlü xarici siyasət kursuna keçdiyini hesab edirəm.

@serqebaxis