2021-05-28 22:18:06
Pakistan XİN Şah Mahmud Qureşinin maraqlı bir müsahibəsi ilə rastlaşdım. Müsahibədə bir məqam diqqətimi çəkdi. Qureşi deyir ki, “bizim investisiyaya, texnologiya transferinə ehtiyacımız var. Ancaq, ABŞ bunu etmək istəmir. Onun yerinə Çin təkliflər edir. Biz də qəbul edirik. Biz hansısa ölkənin təsirinə girmək istəmirik, ancaq, Çin də bizim ehtiyaclarımızı qarşılayır. ABŞ daha əvvəl təklif etsəydi, imtina etməzdik.” ( Nikkei Asia)
Pakistan XİN bir mənada demək istəyirik ki, ABŞ onları Çinə yönəlməyə sövq edir, başqa variant qoymur.
Həqiqətən də, ABŞ xarici siyasətində son illərdə ciddi boşluqlar var. Məncə, ABŞ xarici siyasəti hələ də, dünya müharibəsi sonrası qurulan ikiqütblü və Sovetlərin süqutundan sonra yaranan təkqütblü modeli təsirlərindən qurtula bilmir. İkiqütblü dünyada “ya bizdənsən, ya da kommunistsən”, təkqütblü dünyada isə “bizə bənzəməlisən” təzyiqləri ilə ətraf ölkələrə ABŞ-ın tələbləri qəbul etdirilirdi.
Yeni geosiyasi reallıqlar isə çoxqütblü modelə keçdiyimizi göstərir. Artıq, təzyiqlər qarşısında ölkələr alternativ variantlar tapa bilirlər. Ancaq, ABŞ xarici siyasətinin bu reallığa adaptasiya ola bilmədiyini düşünürəm.
Məsələn, Rusiya, Çin Sovetlərdən fərqli olaraq, hər hansı ölkə ilə əməkdaşlıq etmək üçün ideoloji yanaşmır. Pakistanın kommunist olmadan Çindən böyük dəstək almaq imkanı var. Eləcə də, ideoloji bariyer olmadığı üçün Türkiyə, İran, Səudiyyə, BƏƏ kimi ölkələrin də Çin və Rusiya ilə əlaqələri geniş müstəvilərdə inkişaf edə bilir.
Avropa dövlətlərinin də özlərinin qütbünü qurmağa çalışdığını demək olar. Qlobal Britaniya doktrinası, Almaniya-Fransa arasında Avropa Ordusu müzakirəsi çoxqütblü dünyaya keçid mərhələsinin göstəriciləridir.
192 views19:18